Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirdi — Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xoltəzəkənd, Ərəbqardaşbəyli və Bala Surra kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçalanın icra başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsi, müharibədə iştirak edən vətən oğullarının igidliyi, döyüş yolu, sentyabrın 12-dən 13-nə keçən gecə, 10 aprel və 19-20 sentyabr 2023-cü ilin tarixində lokal antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmancasına döyüşməsi, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunması, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimiz və yaralan hərbçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.

Səyyar qəbulda vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, sosial müavinətin təyin olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala RİH-lə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.


Share: