Premyer Liqa: “Çelsi”dən ardıcıl ikinci qələbə, “Mançester Yunayted” son dəqiqələrdə geridönüş etdi

İngiltərə Premyer Liqasında VIII tur davam edir.

Oxu.Az xəbər verir ki, “Çelsi” çempionatda ardıcıl ikinci qələbəsini qazanıb.

London təmsilçisi səfərdə “Bernli”dən güclü olub – 1:4. Hesabı meydan sahiblərinin heyətində Uilson Oddobert açsa da, Koul Palmer (penaltidən), Rahim Sterlinq, Nikolas Ceksonun qolları və Amin Al Daxilin avtoqolu “zadəganlar”a qələbə qazandırıb.

Xallarını 11-ə çatdıran “Çelsi” 10-cu pillədədir. “Bernli” dörd xalla 19-cudur. “Mançester Yunayted” isə “Brentford”la ev oyununun son dəqiqələrində geridönüş edərək qələbə qazanıb – 2:1. 26-cı dəqiqədə Matias Yensenin hesabı açdığı qarşılaşmada “qırmızı şeytanlar”ın qələbə qollarına 90+4-cü və 90+7-ci dəqiqələrdə Skot Maktominey imza atıb.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran “Mançester Yunayted” doqquzuncudur. “Brentford” isə yeddi xalla 14-cü pillədə qərarlaşıb.

Faiq Tahirov

Share: