Pirşağını Bakı-Quba magistralı ilə birləşdirən yolun tikintisi bərpa olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt layihəsinin tərkib hissəsi olan Pirşağı – Novxanı – Xırdalan – M4 avtomobil yolunun tikintisinə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, yol boyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.

Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan – Bilgəh – Novxanı – Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan Pirşağı – Novxanı – Xırdalan – M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı – Şamaxı – Yevlax magistral avtomobil yoluna çıxmaqla ölkənin qərb zonası ilə nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir. Bununla da paytaxt Bakıya “20 Yanvar” ərazisindən daxil olan nəqliyyat vasitələrinin sayının təqribən 20-30% azalması nəzərdə tutulur.

Xatırladaq ki, layihənin uzunluğu 28 kilometr, yolun hərəkət hissəsinin eni 22,5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı altıdır.

Share: