Niderlandda II Dünya müharibəsində gizlədilən xəzinəni axtarırlar: Brilyant, yaqut, qızıl…

Niderlandın Milli Arxiv İdarəsi İkinci Dünya müharibəsinə aid xəritəni dərc edib.

Həmin xəritədə nasist zabitlərinin xəzinə basdırdıqları iddia edilən yer təsvir olunub və qırmızı xaçla işarələnib.

Ommeren kəndini “qızıl qızdırma” bürüyüb: metal detektorlarla silahlanmış xəzinə ovçuları II Dünya müharibəsi zamanı nasistlərin gizlətdiyi güman edilən xəzinələri tapmağa çalışırlar.

Xəzinə ovçuları Niderland Milli Arxivinin tarixi xəritəni dərc etməsindən sonra fəallaşıblar.

Xəritəni əks etdirən araşdırma faylı bu həftə yayımlanıb. Belə ki, onun məxfi qala biləcəyi maksimum 75 il müddəti başa çatıb.

Xəritədə nasist əsgərlərinin brilyant, yaqut, qızıl, gümüş və hər cür qiymətli əşyalarla dolu dörd böyük sandığı harada gizlətdiklərinin əks olunduğu güman edilir. Nasist əsgərlərinin bu sərvətləri 1944-cü ilin avqustunda bankın bombalanmasından sonra qarət etdikləri bildirilir.

Bu məlumat insanların təxəyyülünü hərəkətə keçirib. Onlar metal detektorları və kürəklərlə Ommeren kəndinə bitişik olan tarlaları araşdırmağa başlayıblar.

Mənbə: “Reuters”

Share: