Kənd məktəbliləri ilə bir gün “Məktəbdə” – Yeni sosial layihə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və Təhsil Nazirliyi “Məktəbdə” adlı yeni sosial layihəyə start verib.

Bölgələri əhatə edən layihənin məqsədi kənd məktəblilərinin potensialını üzə çıxarmaq, onların təhsilə və öyrənməyə motivasiyasını yüksəltmək, peşə seçimlərinə istiqamət verməkdir. Əsas məqsədlərdən biri də uşaqlara nəyisə öyrətmək deyil, özlərini daha yaxından tanımalarına kömək etməkdir.

Layihəyə kənd məktəblərində təhsil alan VII-X sinif şagirdləri cəlb olunurlar.

Layihə çərçivəsində ölkənin gənc və perspektivli iş adamları, tanınmış ictimaiyyət nümayəndələri kənd məktəbliləri ilə birgə əylənir, öyrənir və öyrədirlər. Uşaqlarla birgə öyrədici seminarlar, işgüzar oyunlar, müzakirələr təşkil edilir. Şagirdlərə özünüməşğulluq ideyası aşılanır,  kənddə iş qurmaq imkanları (məsələn, kənd turizmi) müzakirə edilir. “Buradan necə qaçım?” sualı deyil, “Buranı necə yaşamalı yer edim?” sualına cavab axtarılır.

Layihə müddəti ərzində uşaqlara öz bacarıqlarını kəşf etmək, özlərini daha yaxından tanımaq fürsəti də verilir. Uğurun sirri insanın özünü daha yaxından tanımasındadır.

“Məktəbdə” layihəsinin ilk qonağı Azərbaycanın milli brendi sayılan “Asan İmza” mobil elektron imza xidmətinin texniki operatoru olan “BEST SOLUTİONS” MMC şirkətinin “Biznesin inkişafı, kommunikasiyalar, marketinq meneceri” vəzifəsində çalışan, “Femmes Digitales” – “Texnologiyar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin Baş katibi Səyyarə Hüseynovadır. Səyyarə Hüseynova Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin şagirdlərinin qonağı olub, onlarla birgə maraqlı təcrübə yaşayıb.

Videonu diqqətinizə çatdırırıq. 

Share: