İştaha ilə yediyimiz şirniyyatların tərkibindəki minlərlə ZƏRƏRLİ MADDƏ

ABŞ-da heyvanlar üzərində aparılan təcrübələr, məşhur Amerika şirniyyatlarında istifadə edilən maddələrin sağlamlığa mənfi təsir etdiyini göstərib.

Ölkənin Kaliforniya ştatında bəzi təhlükəli kimyəvi əlavələri ehtiva edən, bir çoxu da məşhur olan zərərli şirniyyatları qanunvericilik səviyyəsində qadağan etmək istəyirlər. 

Əsas məqsəd qida məhsullarının təhlükəli tərkibinə diqqəti cəlb etməkdir. Şübhəli qida əlavələrinin diqqətlə yoxlanılması tələb olunur. Mümkün sağlamlıq risklərinə xərçəngin baş verməsi, reproduktiv sistem və immunitetin zədələnməsi, həmçinin uşaqlarda davranış problemlərinin yaranması daxildir. Kifayət qədər ciddi xəstəliklərdir və sadalanan amillər  insan həyatı üçün ilk yerdə duranlardandır. Və ən əsası ölkəmizdə də bu xəstəliklərdən əziyyət çəkənlər getdikcə artmaqdadır. 

Məlumatı oxuyanda istər-istəməz insanın gözünün qarşısına marketlərdə bir-birindən parlaq qablaşdırmada olan uşaq şirniyyatları, eləcə də bol çeşidli, müxtəlif adlı şirniyyatlar və digər qidalar gəlir. Bəzən bu bol çeşidin içindən dadı-duzu yerində olan birini güclə seçmək olur. Aldığımız məhsulun keyfiyyətilə bağlı isə əlimizdə heç bir məlumat olmur. Beləcə gün ərzində sadəcə üzərində yazılanlara aldanaraq müxtəlif cür zəhərli maddələrlə, əlavə dadlandırıcılarla dolu qidalar qəbul etməli oluruq.  

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizim.Media-ya düşündürücü açıqlama verib.

Azərbaycanda kimyəvi təsirə məruz qalan kifayət qədər məhsullar olduğunu deyən AİB sədri bildirib ki, bu məhsullar yediyi anda insanı öldürmür.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi də sırf bu amilə nəzarət edir. Keyfiyyət məsələsi isə arxa planda qalır: 

“Kimyəvi təsirə məruz qalan mal insanı həmin dəqiqə öldürmür. Lakin tərkibinə vurulan kimyəvi maddələr məhsulun keyfiyyətsiz duruma düşməsinə səbəb olur. Buna isə heç kim nəzarət etmir. Belə bir şəraitdə Azərbaycan əmtəə bazarı bu cür mallarla dolur”.

AİB sədrinin sözlərinə görə, hazırda doyumsuz istehlakçı əsri yaşayırıq. Bu doyumsuzluqdan istifadə edən biznes qurumları isə hər cür malları və xidmətlər təklif edirlər: 

“Bu sahədə bir çox qanunlar ayaq altına atılır. F.Engelsin məşhur sözündə deyildiyi kimi, kapitalistlər və yaxud burjuaziya qanunları da əmtəəyə çevirə bilirlər. İqtisadi əlaqələrin qloballaşdığı şəraitdə uzaq-uzaq ölkələrdən malları gətirib çıxarmaq üçün məhsullarda kifayət qədər kimyəvi maddələrdən istifadə olunur. Hansı ki həmin maddələrin sayı 3 mindən çoxdur.

Bunları araşdırmaq o qədər də asan deyil. Mənim əlimdə ölkədə 2010-cu ildə çap olunan bir sənəd-kitabça var. “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər: sanitariya, epidemoloji qaydalar və normalar” adlı kitabçadır. O sənədə görə, bir çox kimyəvi maddələrin, qida əlavələrinin Azərbaycanda istifadəsinə icazə verilir. O cümlədən, una və yaxud çörəyə tükdən hazırlanmış E-921 maddəsi də daxil olmaqla…”.

AİB sədri bildirib ki, bu cür hallara qarşı mübarizə aparmaq üçün istehlakçı təşkilatları güclü olmalıdır. 

Ölkədə Qida Təhlükəsizliyi Agentliyinin olması müsbət haldır. Onlar əllərindən gələni etsələr də, ictimai nəzarət zəifdir. Mən AQTA-da İctimai Şuranın üzvüyəm. Yeddi aydan çoxdur ki, Şuranın heç bir yığıncağı keçirilmir.

Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi də bazar iqtisadiyyatının tərəfdarıdır. Qurum, mümkün qədər insanı yerində öldürməyən malların Azərbaycana gətirilməsinə şərait yaradır.

Üstəlik  İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun köhnəlib, qanunun icrasına məsuliyyət daşıyan dövlət orqanı da bu sahədə ciddi iş aparmır. 

Yüzlərlə AİB kimi təşkilat, ictimai təzyiq olmalıdır. Bütün bu işlər isə KİV vasitəsilə həyata keçirilməlidir. Dövlət orqanları mətbuatda gedən materialı izləməli və KİV-ə təşəkkür etməlidir. Amma bu, belə deyil”.

Share: