İraqda nümayişçilər yenidən parlamentin binasına giriblər

İraqın Baş naziri Məhəmməd əl-Sudaninin namizədliyindən narazı olan nümayişçilər şənbə günü Nümayəndələr Şurasının (Parlament) binasına soxulublar.

Bağdadın mərkəzindəki “yaşıl zona”da yerləşən Parlament Sarayının kənarında təhlükəsizlik qüvvələri və hərbçilər su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə 60 nəfər yaralanıb və zərər çəkib. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazla atəş açması nəticəsində qurbanlardan bəzilərində boğulma əlamətləri müşahidə olunub. Bundan başqa, bir neçə nəfər rezin güllələrdən yaralanıb.

Bununla belə etirazçıların qarşısını almaq mümkün olmayıb.

İmam Müqtəda əs-Sədrin tərəfdarları milli bayraqlarla Parlamentin zalına daxil olublar. Fəallar zalın ortasına Əs-Sədrin portretini qoyub, korrupsioner siyasətçiləri pisləyən şüarlar səsləndiriblər. Onlar parlamentin buraxılmasını və yeni növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Aksiyaçıların fəaliyyəti Nümayəndələr Şurasında yeni baş nazirin namizədliyi ilə bağlı səsverməni pozub, bu səbəbdən səsvermə təxirə salınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl də nümayişçilər Parlament sarayını ələ keçirmiş və ancaq Əs-Sədrin müraciətindən sonra oranı tərk etmişdilər.

İraqda ötən ilin oktyabrından parlament seçkilərinin keçirildiyi vaxtdan bəri yeni hökumətin qurulması ətrafında böhran davam edir, həmçinin yeni prezidentin seçkiləri təxirə salınır.

Mənbə: TASS

 

Share: