İranda siyasi məhbus kimi həbsdə olan güneyli qadın intihar edib

İranda Kərəc zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Məsumə Sanubəri intihar edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, qadının son həddə çatmasının səbəbi həbsxana rəhbərliyinin tətbiq etdiyi təzyiqlərin artması olub.

Bildirilib ki, Məsumə xanım uzun müddət təkadamlıq kamerada saxlanılıb. O, nəinki yaxınları ilə telefon danışığından, hətta məhbus yoldaşları ilə ünsiyyətdən də məhrum edilib. Qadın zindanda olduğu müddət ərzində mütəmadi olaraq işgəncələrə məruz qalıb.

Qeyd edək ki, Təbriz sakini olan Məsumə Sanubəri ötən il baş tutan genişmiqyaslı xalq etirazları zamanı Kərəcdə həbs edilib. O, təxminən 40 gün ərzində dindirilib və işgəncələrə məruz qalıb. Siyasi məhbus Kərəc İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən mühakimə olunub. O, “Rejimə qarşı qeyri-qanuni toplantılarda, təbliğat işlərində iştirak etmək” və “Xalq mücahidləri liderləri ilə bağlı şüarlar yazmaq və şəkillərini dərc etdirmək” maddələri ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Share: