İrəvan meriyasına seçkilər – Paşinyan müxalifətlə üz-üzə

Sentyabrın 17-si Ermənistanın paytaxtı İrəvan şəhər meriyasına, başqa adla desək, Ağsaqqallar Şurasına seçkilər baş tutub. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlər nə hakim partiyanın, nə də müxalifətin gözləntilərini doğruldub. Qısa sözlə desək, budəfəki seçkilər fiaskoya uğrayıb.

Hələ bir neçə həftə əvvəldən erməni müxalifəti bu seçkilərə ciddi-cəhdlə hazırlaşırdı. Prosesdən uzun müddət əvvəl müxalifət nümayəndələri küçə-küçə, qapı-qapı gəzərək səs dilənir, seçicilərə şirin vədlər verirdilər. Xalqı qızışdırmaq, hakim partiyanın səsini parçalamaq üçün isə ortaya yeni bir tezis atılmışdı: “Paşinyanın partiyası qələbə qazansa, İrəvanı türklərə təslim edəcək”.

Bu tezis üzərində bütün çıxışlarını və mitinqlərini quran erməni müxalifəti Ermənistanda son dövrlər baş verən bütün hadisələrdə Nikol Paşinyanı günahlandırır, onun istefasının vacibliyini dilə gətirirdi. Bu seçkilərə isə Paşinyanı devirmək, yola salmaq üçün isə böyük bir vasitə kimi baxılırdı. Amma gözlənilən kimi olmadı. “Paşinyan İrəvanı türklərə təhvil verəcək” tezisi xalq arasında elə də effektiv təsir buraxmadı. Bunu seçkidə iştirak edənlərin sayına baxanda da aşkar etmək olur. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçicilər çox passiv, rekord səviyyədə aşağı şəkildə seçkilərdə iştirak ediblər. Məlum olub ki, İrəvan sakinlərinin cəmi 28,46 faizi seçkilərdə iştirak edib.

Seçicilərin belə passiv iştirakını xalqın Paşinyana və müxalifətə etimadının qalmaması ilə izah etmək mümkündür. Çünki 2018-ci ildə keçirilən seçkilərdə hakim partiya seçicilərin 81,06 faiz etimadını qazanmışdı. Bu isə 294.109 nəfərin səsi deməkdir. Seçicilərin cəmi 32,57 faizi bu dəfə “Mülki müqavilə”nin lehinə səs verib. Bu isə cəmi 75.463 nəfərin səsi deməkdir. Aradan ötən beş il ərzində “Mülki müqavilə”nin reytinqi kifayət qədər aşağı düşüb. Rəqəmləri müqayisə etdikdə etimadın az qala dörd dəfə aşağı düşməsi müşahidə edilir. Bunun isə bir sıra səbəbləri var: Ən əsası, erməni cəmiyyəti 2020-ci il müharibəsindəki acı məğlubiyyəti unuda bilmir. Eyni zamanda ölkə daxilindəki sosial problemlər, pensiyaların azlığı, Paşinyan komandasına aid şəxslərin korrupsiya və rüşvət bataqlığında çabalaması, müharibədə itkin düşənlərin taleyinin hələ də naməlum qalması, müharibə qurbanlarının sayının ciddi-cəhdlə gizlədilməsi kimi faktorlar “Mülki müqavilə”yə olan etimadın azalmasına dəlalət edir. Elə bu səbəbdən də bu yaxınlarda “Gallup”un keçirdiyi sorğularda ölkə əhalisinin 60 faizi baş nazir Nikol Paşinyana inanmadığını bildirib. Bu isə Nikol Paşinyanın mütəmadi olaraq bir-birini təkzib edən bəyanatlar səsləndirməsi, Rusiyanı qəzəbləndirərək üzünü Qərbə tutması, müxalifət liderlərini təqib edərək müxtəlif bəhanələrlə həbsə göndərməsi ilə əlaqəlidir. Bu siyahıya yuxarıda sadalananları da əlavə etdikdə, ortaya dəhşətli mənzərə çıxır.

Bəs görəsən, yerli xalq müxalifətə niyə etimad göstərmir? Keçirilən seçkilərdən bir neçə ay əvvəl müxalifət müxtəlif vasitələrlə, ruporlarla xalqı küçələrə səsləyir, müəyyən tezislər ortaya atır, hakimiyyətə gəldikdən sonra vəziyyəti Ermənistanın xeyrinə həll edəcəyinə söz verirdi. Amma sadə erməni xalqı anlayır ki, müxalifətin də dərdi nə ermənilərin sosial vəziyyətini düzəltmək, nə də ciddi problemləri həll etməkdir. Müxalifətin dərdi də bir müddətlik hakimiyyətə yiyələnib ölkədəki hərc-mərclikdən istifadə edərək cibini doldurmaq, şad və firavan ömür sürməkdir. Əgər erməni xalqı vəziyyətin belə olduğunu bilməsəydi, yəqin ki, seçkilərdə iştirak edərək səsini müxalifətə verərdi. Hətta seçkilərdən əvvəl Qarabağ klanının tarixin küncünə atılmış üzvləri, eks-prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın da müxalifəti dəstəklədiklərini bəyan etmələri ümumi mənzərəni dəyişməyib. Bu sıraya kilsəni də əlavə etmək olar. Çünki seçkilərdən əvvəl erməni kilsəsinin müxtəlif nümayəndələri açıqlamalar verərək dolayı yolla müxalifəti dəstəklədiklərini, Paşinyanın hakimiyyətdən getməsinin labüdlüyünü bildirirdilər.

Xatırladaq ki, İrəvan meriya seçkilərində qalib olmaq üçün namizədə 50+1 səs lazım idi. Əks halda, iki həftə ərzində partiya və bloklar ya koalisiya qurmalı, ya da təkrar seçkilər keçirilməlidir.

Ermənistan MSK-nın rəqəmlərindən də göründüyü kimi, seçkilərdə heç bir blok və ya partiya lazımi baryeri keçərək uğur qazanmayıb. Sadəcə “Mülki müqavilə” partiyası 32,57 faiz səs toplayıb. 50+1 faiz səsi toplamaq üçün isə onun koalisiyaya ehtiyacı var. Bu koalisiya üçün isə ona ən yaxın olan “Respublika” partiyasıdır. Seçkilərdə isə sözügedən partiya 11,32 faiz səs toplayıb.

“Respublika” partiyası gözlənilənin əksinə olaraq normal səs toplaya bilib. Ermənistanın KTMT-dən çıxmasını dəstəkləyən bu partiya anti-Rusiya xəttini izləyir və bu da irəvanlıların bir çoxunun ürəyincədir. Eyni zamanda anti-Rusiya əhval-ruhiyyədə olan kəsim də bu partiyaya ümid yeri kimi baxıb. Gəzən söz-söhbətə görə isə “Mülki müqavilə” tərəfdarları da “Respublika”nın daha çox səs toplaması üçün əlini daşın altına qoyub. Bununla da koalisiya ehtimalı yarananda, bu partiyadan istifadə etmək nəzərdə tutulmuşdu.

Ayk Marutyanın “Milli Tərəqqi” partiyası seçkilərdə 18,89 faiz seçici etimadı qazanıb. Ayk Marutyan bir müddət Paşinyanın silahdaşı da olub. Qərbyönümlü partiya sayılan “Milli Tərəqqi”nin Andranik Tevanyan və “İctimai səs”lə koalisiya quracağı ehtimal edilir artıq siyasi kulislərdə bu fikir səsləndirilir.

Uzun müddətdir Paşinyanın əleyhinə bəyanatlar verən Andranik Tevanyanın “Ana Ermənistan” bloku da seçkilərdə 15,43 faiz səs toplayıb. “Ana Ermənistan” blokunun səslərini parlamentə keçirilən seçkilərdə qazandığı səslərlə müqayisə etdikdə, etimadın iki dəfə azaldığını müşahidə edə bilərik. Çünki siyasi texnoloqların da qeyd etdiyi kimi, blok seçkilərə lazımi siyasi kursla qatılmayıb. “Artsaxı İrəvan meriya seçkiləri ilə xilas edəcəyik” şüarı isə irəvanlılar tərəfindən ciddi qəbul edilməyib.

Artıq müxalifət də koalisiya barədə açıqlamalar verib. Seçkilərdə 9,68 faiz səs toplayan “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan artıq bəyan edib ki, Ayk Marutyan və Andranik Tevanyanla koalisiya qurmağa hazırdır. Amma nə Marutyan, nə də Tevanyan bu təklifə cavab verməyib. Marutyan açıqlama verərək heç bir halda “Mülki müqavilə” ilə koalisiya qurmayacağını bəyan edib. Ayk artıq Paşinyanın sonunun çatdığını da bildirib.

Qeyd etmək yerinə düşər ki, Qarabağdakı erməni separatçılarından sayılan Ruben Vardanyan da seçkilərin nəticələrindən sonra “yasa batıb”. Məsələ burasındadır ki, Ruben Vardanyan “Yaşamaq üçün ölkə” partiyasına külli miqdarda pul qoyub və seçkilərdə uğur qazanacağına ümid edirdi. Bu yolla Ermənistanda siyasi həyata atılmağı düşünən Vardanyanın arzuları puça çıxıb. Vardanyanın dəstəklədiyi partiya nümayəndəsi Mane Tandilyan seçkilərdə biabırçılıqla üzləşib. Tandilyan cəmi 3,64 faiz səs toplayıb bu isə 5 faizlik baryeri aşmadığını göstərir. Beləcə, Vardanyanın pulları göyə sovruldu. Necə deyərlər, it də getdi, ip də.

Görünən odur ki, payız Ermənistanda isti keçəcək. Çünki müxalifət əvvəldən də açıq-aşkar bəyan etmişdi ki, seçkilərdə uğur qazana bilməsə, küçə yürüşlərinə, döyüşlərə, aksiyalara, hətta silahlı qarşıdurmaya belə gedəcək. Bu isə onsuz da çətin vəziyyətdə sosial problemləri ilə boğuşan erməni cəmiyyətinin məhvinə, ölkənin vətəndaş müharibəsinə sürüklənməsinə səbəb ola bilər…

“Report” İnformasiya Agentliyi

Share: