Hansı ərazilərə mütləq metro xətti çəkilməlidir?

Çoxumuz mənzil başına daha rahat, sürətli çatmaq üçün metrodan istifadə edirik. Amma şəhərin daha çox insan axını olan, tələbatın çox olduğu bəzi yerlərdə metro stansiyası yoxdur. Məsələn, uzun müddətdir Hava limanına, Sumqayıt şəhərinə, Binəqədiyə metro xəttinin çəkiləcəyi ilə bağlı xəbərlər eşidirik. Həmin ərazilərdə yaşayan vətəndaşlar da metronun açılmasını səbirsizliklə gözləyirlər.

Bəs yaxın gələcəkdə hansı ərazilərə metro çəkiləcək? Sualımıza cavab tapmaq üçün “Bakı Metropoliteni”nə üz tutduq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, Bakının Hava Limanı o qədər də böyük infrastruktura malik deyil, hətta yerüstü ictimai nəqliyyat da onun tələbatını ödəyə bilir: 

“Amma həmin ərazidə yaşayış, infrastruktur və digər məsələləri nəzərə alsaq, bu, artıq Bakının inkişafına aid olan məsələlərdir. Bu barədə artıq gələcəkdə qərarlar verilə bilər. Binəqədi isə Bakı metropoliteninin konseptual inkişaf sxemində nəzərdə tutulub. Sarı xəttin bir istiqamətdən başlanğıcı məhz Binəqədidən başlayacaq . Zərurət yaranarsa, gələcəkdə depo ərazisində bir yerüstü stansiyanın da inşa olunması da nəzərdə tutulur.

Bu gün konkret olaraq metropolitenin konseptial inkişaf sxemində də nəzərdə tutulmuş istiqamətlərdə nə Sumqayıt, nə də Xırdalan var”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər Xocəsən elektrik deposu və onun yanında yerüstü stansiya tam hazır olacaq: 

“Bu gün xətlərin ayrılmasının tərkib hissəsi kimi ilk növbədə həmin istiqamət üzrə 2 stansiyanın inşası aktualdır. Həmin ərazilər 20 nömrəli məktəbin yanında, yəni FHN-in binasının önündə, keçmiş Əzizbəyov heykəli olan parkın yanında, ikincisi Mərkəzi Nəbatat Bağı tərəfdə, növbəti stansiyalar Badamdara doğru davam edəcək. Əks istiqamətdə isə Həzi Aslanov stansiyasından sonrakı iki stansiya inşa olunmalıdır. Onun biri təxminən Gəncə prospektinə, digəri isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında olacaq. Bu ilin sonuna qədər artıq Xocəsən elektrik deposu və onun yanında bir yerüstü stansiya tam hazır olacaq”.

Belə aydın oldu ki, Binəqədi, Xırdalan, Masazır və Sumqayıta metronun çəkilməsi hələlik suya yazı yazmaq kimi mümkünsüzdür. 

Ətraflı APA TV-nin süjetində:

Share: