Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “Aditya-L1” aparatı ilə kosmosdan çəkilmiş ilk görüntüləri yayımlayıb. Belə ki, Günəş zondu təyinat yerinə doğru yolda selfi çəkib, bununla yanaşı Ay və Yerin görüntülərini qeydə alıb.
Elm adamları aparatın Günəşi tədqiq edəcəyi yerə çatandan sonra hər gün təxminən 1400 şəkil göndərəcəyini gözləyirlər.
ISRO kadrların sentyabrın 4-də qeydə alındığını vurğulayıb.
Xatırladırıq ki, sentyabrın 2-də Hindistan “Aditya-L1” avtomatik Günəş stansiyasının uğurlu buraxılışını həyata keçirib. Bu, Nyu-Delhi tərəfindən təşkil edilən ilk genişmiqyaslı ekspedisiyadır.
Yeri gəlmişkən, bundan əvvəl “Solar Orbiter” aparatı tərəfindən çəkilmiş görüntülərin köməyi ilə unikal məlumatlar əldə edildiyi barədə xəbər verilib. Kadrlarda Günəş tacının indiyə kimi çəkilməmiş hissələri təqdim olunub.
Mənbə: Focus.ua