Gəncədə kollecdəki yanğında zəhərlənən tələbələr xəstəxanadan evə buraxıldılar

Gəncə Dövlət Universitetinin Regional Kollecində baş vermiş yanğın zamanı tüstüdən zəhərlənən tələbələr evə buraxılıb. 

“Report”un məlumatına görə, Şahsevənlər küçəsində yerləşən kollecdə tüstüdən zəhərlənən tələbələrə tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb və müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, kollecdə elektrik naqillərində yaranmış qısaqapanma səbəbindən yanğın baş verib. Hadisə zamanı 14 tələbə tüstüdən zəhərlənib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

20:22

Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.

Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

15:49

Gəncə şəhərində yerləşən Gəncə Dövlət Regional Kollecində yanğın olub, 10-dan çox tələbə tüstüdən zəhərlənib.

“Report” xəbər verir ki, zəhərlənən tələbələr xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün daha əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş verib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.

Share: