FHN-dən Şabran rayonunda baş vermiş yanğınla bağlı AÇIQLAMA

Xəbər verildiyi kimi, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

FHN-dən Oxu.Az-a xəbər verilib ki, ilkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

17:03

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb.

APA-nın verdiyi məlumata görə, dağlıq ərazidə biçilmiş əkin sahələri yanır.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətraf rayonlardan da texnika cəlb olunub.

Yanğının Mumlu və Qazma kəndlərinə keçdiyi və yaşayış evləri üçün təhlükənin olduğu bildirilir. Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar yanıb.

Güclü külək alovun qarşısını almağa mane olur.

Share: