Fəridə Əliyeva: “İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu”

“Hər idmançının öz məqsədləri olur. Mənim əsas məqsədim İslamiadada çıxış etmək idi”.

Bu sözləri “Report”a müsahibəsində Azərbaycanın karate üzrə qadınlardan ibarət millisinin üzvü Fəridə Əliyeva deyib. 

Həmin müsahibəni təqdim edirik:

– Bu ay Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında çəkiniz qaydasında olmadığı üçün iştirak edə bilmədiniz. Nə baş vermişdi?

– Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında iştirak edərkən orada yediyim qidalardan zəhərlənmişdim. Ona görə yemək yeyə bilmirdim. Mən həmişə çəkimi 66-67 kq-da saxlayıram. Yarışa az qalmış yemək yeyib çəkimi 68 kq-dan yuxarı qaldırıram. Bu dəfə çəkim çox aşağı düşmüşdü, 63 kq olmuşdum. Mən döyüşmək üçün lazımi 5 kq çəkimi qaldıra bilmədim. Yarış gedən günü xəstə idim, qızdırmanın içində idim.

– Zəhərlənməni başa düşdük. Bəs qızdırma necə yarandı?

– Yemək yemədiyim üçün immunitetim çox aşağı düşmüşdü. Ona görə də yarışa 3-4 gün qalmış soyuqladım və hərarətim qalxdı. İslamiadaya biz ağır proqramla məşq etdik. Ola bilər ki, bədənim bu səbəbdən bir az yorğun idi. İndi isə yaxşıyam, çəkimi bir az qaldırmışam. Növbəti yarışlarda çıxış etməyi gözləyirəm.

– Amma Bakıda hər dəfə belə yarışlar keçirilmir. Buna görə təəssüfləndinizmi?

– Hər idmançının öz məqsədləri olur. Mənim əsas məqsədim İslamiadada çıxış etmək idi. Bakıdakı yarış da vacib idi. Belə bir mötəbər yarışın bizim şəhərdə keçirilməsi çox vacib bir məqamdır. Sadəcə, iştirakım alınmadı. Heyifsilənirəm, amma buna görə özümü öldürəsi deyiləm ki (gülür). Heç nə… Dünyanın sonu deyil.

– Bu o deməkdir ki, Fəridə Əliyeva qışadək döyüşməyəcək. Çünki daha yanvarda Misirin paytaxtı Qahirədə keçiriləcək Premyer Liqa yarışınadək çıxış etməyəcəksiniz…

– Bəli, bu il başqa yarışım yoxdur. Yanvardan etibarən bizim yeni yarışlarımız başlayacaq. Onlara hazırlaşacağıq.

– Premyer Liqada İrina Zaretskayanı saymasaq, qızlardan heç kim yer tutmadı. Səbəb nədir?

– Premyer Liqa çox çətin yarışdır. Orada medal qazanmaq çox az idmançıya qismət olur. Premyer Liqa dünya çempionatı səviyyəsində yarışdır.

– Bəs İslamiadada niyə medal qazana bilmədiniz?

– Bunu kimdən soruşsanız, məncə, eyni cavabı verər. Bizim idmançılara qarşı orada çox böyük haqsızlıq oldu. Bu, tək karatedə yox, digər idman növlərində də baş verdi. İran karateçisi Leyla Borcali ilə döyüşdə mən xalı vurduğum zərbələr hesabına hakimlərdən alırdım. Ancaq o mənə göstərilən kart hesabına bunu əldə edirdi. Daha sonra öz hakimlərimizdən öyrəndim ki, döyüş zamanı videoqeydiyyatçı heç işləmirmiş. Onlar video işləmədiyi halda qıza xal verirdilər.

Share: