Oxu.az – DÇ-2022: Üçüncü tur öncəsi dörd qrupda son vəziyyət – 1/8 finala kim, necə yüksələ bilər?

Qətərdə keçirilən dünya çempionatında bu gün həlledici, sonuncu tura start veriləcək.

“Report”un məlumatına görə, geridə qalan iki turdan sonra iki komandanın turnirlə vidalaşacağı dəqiqləşibsə, üç yığma növbəti mərhələyə vəsiqəni erkən qazanıb.

Daha 27 komandanın taleyinə isə son dörd gündə oynanılacaq 16 matçdan sonra aydınlıq gələcək.

Sonuncu – üçüncü turda hər qrupdakı oyunlar gərginlik və intriqanın saxlanılması baxımından eyni saatda start götürəcək.

A, B, C və D qruplarında iki oyundan sonrakı vəziyyətə nəzər salaraq komandaların növbəti mərhələ şanslarını dəyərləndirək.

A qrupu

Niderland, Ekvador, Seneqal və Qətərdən ibarət olan bu qrupda son tur öncəsi sıralama da məhz qeyd etdiyimiz ardıcıllıqladır.

Xalı olmayan ev sahibi Qətərin turnirlə vidalaşacağı artıq dəqiqləşibsə, digər üç komanda son oyunda həm liderin, həm də ikinci vəsiqənin kimliyinə aydınlıq gətirəcək.

Heç bir iddiası qalmayan, yalnız öz meydanında təşkil etdiyi turniri “qapını bərk çırparaq” tərk etmək istəyən Qətərlə qarşılaşacaq Niderland yığmasına qrupdan çıxmaq üçün heç-heçə də kifayətdir. Lakin qrup lideri olmaq istəyirlərsə, “narıncılar” işi riskə atmamalı, “səxavəti” ilə seçilən Qətərdən öz 3 xal “pay”larını bir şəkildə almalıdırlar. Lui Van Qalın yetirmələri əks halda digər oyunun nəticəsinə görə ikinci sıraya düşə bilərlər.

Ekvadorla Seneqal arasındakı matçda da oxşar vəziyyətdir. Cənubi amerikalıları 1/8 finala çıxmaq üçün heç-heçə qane edir, lakin əgər hədəf liderlikdirsə, qələbə şərtdir. Seneqalın da pley-off görmək şansları az deyil. Afrikalıların qələbə qazanacaqları halda qrupdan çıxacaqları dəqiqdirsə, heç-heçə ilə də sevinmək ehtimalı var. Bunun üçün Niderland Qətərə 3 və daha çox top fərqi ilə məğlub olmalıdır.

B qrupu

İngiltərə, İran, ABŞ və Uelsdən ibarət qrupda komandaların müvafiq olaraq 4, 3, 2 və 1 xalı var.

Son tur öncəsi qrupdakı bütün komandalar növbəti mərhələ şanslarını davam etdirirlər. Hazırkı lider İngiltərə millisi qrupu belə yekunlaşdırmaq istəyirsə, Uelslə oyunda qələbə qazanmalıdır. İngilislərə 1/8 finala çıxmaq üçün heç-heçə də bəs edir. Digər matçda ABŞ yığması İranı 4 və daha az top fərqi ilə məğlub etsə, Qaret Sautqeytin komandasını 1 xal hətta birincilik üçün də qane edəcək. Uels yığmasının isə taleyi öz əlində deyil. Komanda hətta İngiltərəyə qalib gəlsə belə, qrupdan çıxmaq üçün digər oyunun nəticəsini gözləməlidir. Bunun üçün ABŞ – İran oyununda qalib müəyyənləşməməlidir.

İran yığması ABŞ-la prinsipial matçda qələbə qazanarsa, digər oyunların nəticəsindən asılı olmayaraq, 1/8 finalı görəcək. Məğlub olsa, qrupda qalacaqları dəqiqdirsə, heç-heçə halında İngiltərənin Uelsə uduzmayacağına ümid etməlidir. ABŞ yığmasını isə növbəti mərhələ üçün yalnız qələbə qane edir. Qalan bütün ehtimallarda Qətər səyahəti onlar üçün bitəcək.


C qrupu

Polşa, Argentina, Səudiyyə Ərəbistanı və Meksikanın yer aldığı qrupda komandalar iki oyundan sonra müvafiq olaraq 4, 3, 3 və 1 xala sahibdirlər.

Bütün komandaların şanslarının davam etdiyi qrupda son turda Polşa Argentina, Səudiyyə Ərəbistanı isə Meksika ilə qarşılaşacaq.

Polşa qələbə sayəsində digər oyundakı nəticədən asılı olmayaraq qrup lideri kimi növbəti mərhələyə adlayacaq. Heç-heçə də Levandovski və komanda yoldaşlarını qane edir, amma bu halda liderlik sual altına düşə bilər. Sözügedən matçda bərabərlik Argentinaya da sərf edə bilər. Bir şərtlə ki, digər oyunda da tarazlıq pozulmasın. Məğlubiyyət “tanqoçular” üçün erkən son deməkdirsə, qələbə vahid liderlik üçün əsas şərtdir.

Səudiyyə Ərəbistanı – Meksika oyunun nəticəsi də qrupdakı vəziyyət baxımından olduqca mühümdür. Asiyalılar qalibiyyət əldə edəcəkləri halda qrupdan çıxmağı, digər oyundakı nəticəyə görə hətta lider olmağı da bacaracaqlar. Heç-heçə halında isə paralel keçən oyunda ya Polşanın istənilən hesablı, ya da Argentinanın 4 və daha artıq fərqlə qələbə qazanması lazım olacaq. Məğlubiyyət isə hər şeyin sonu olacaq.

Qrupdakı yeganə taleyi öz əlində olmayan komanda Meksikadır. “Asteklər” qələbə qazansalar belə, fikirləri paralel matçda olacaq. Argentinanın Polşaya məğlubiyyəti, ya da 4 və daha artıq fərqlə qələbəsi onları 1/8 finala aparacaq. Bu oyundakı mümkün heç-heçə halında isə Meksikaya 4 və daha artıq fərqlə qələbə lazımdır.

D qrupu

Fransa, Avstraliya, Danimarka və Tunisin çıxış etdiyi “dördlük”də komandalar müvafiq olaraq 6, 3, 1, 1 xala malikdirlər.

Fransa yığması son turun nəticəsindən asılı olmayaraq, qrupdan çıxmağı təmin edib. Amma 1/8 finalda daha münasib rəqiblə qarşılaşmaq üçün liderlik hələ dəqiqləşməyib. Bunun üçün “xoruzlar”a Tunislə matçda heç-heçə kifayət edəcək. Afrikalılar isə qrupdan çıxmaq istəyirlərsə, mütləq qələbə qazanmalıdırlar. Bir şərtlə, paralel keçən oyunda tarazlıq pozulmasın.

Hazırda ikinci pillədə qərarlaşan Avstraliya növbəti mərhələyə çıxmaq istəyirsə, Danimarkaya qalib gəlməlidir. Bu oyunda heç-heçə qeydə alınacağı təqdirdə isə Fransanın Tunisə uduzmaması lazımdır.

Danimarkanı 1/8 finala yalnız Avstraliya üzərində qələbə aparacaq. Bir şərtlə ki, Tunis Fransanı məğlub etsə belə, bu oyunda cəmi bir top fərqi qeydə alınsın. Qalan bütün ehtimallarda şimali avropalılar üçün mundial qrup mərhələsində başa çatacaq.

Qeyd edək ki, qrupda iki və daha çox komandanın xalları eyni olacağı təqdirdə top fərqi nəzərə alınacaq. Əgər bu zaman da tarazlıq pozulmasa, daha çox qol vurmuş komanda üstün sayılacaq. Bu komponentdə də üstünlük əldə olunmasa, iki komanda arasındakı oyun nəzərə alınacaq. Əgər orda da bərabərlik olsa, bu dəfə “fair-play” xalları qüvvəyə minəcək. Bu nüansda da tərəflər bir-birilərinə üstünlük qura bilməsələr, növbəti mərhələyə keçəcək komandanı püşk müəyyən edəcək.

Share: