DÇ-2022: Avropalıların asiyalılara və amerikalılara qarşı üstünlüyü

Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda Seneqalla üz-üzə gələcək ev sahibi ilk dəfə bu milliyə rəqib olacaq.

“Report”un məlumatına görə, Qətər kollektivi birinci turda Ekvadora, Afrika təmsilçisi isə Niderlanda 0:2 hesabı ilə uduzub. Seneqal daha əvvəl mundiallarda Asiya komandaları ilə bir dəfə üz-üzə gəlib. Yığma 2018-ci ildə Yaponiya ilə heç-heçə edib – 2:2.

Asiya milliləri 2014-cü ildəki yarışda afrikalılara iki dəfə məğlub olub, bir qarşılaşma heç-heçə yekunlaşıb. Dörd il sonra asiyalıların iki qələbəsi və bir bərabərliyi qeydə alınıb.

Ekvadorla görüşdə çərçivəyə dəqiq zərbə endirə bilməyən Qətər yığması bu matçda da uduzsa, antirekordu təkrarlayacaq. Daha əvvəl ev sahiblərindən İspaniya (1982), ABŞ (1994), Cənubi Koreya (2002) və Braziliya (2014) ardıcıl iki oyunda yenilib. Mundialda son iki qarşılaşmanı uduzan Seneqal ilk dəfə 2002-ci ildəki turnirin iştirakçısı olub. 20 il əvvəl Fransanı 1:0 hesabı ilə məğlub edən komanda o vaxtdan bəri bütün görüşlərdə qol buraxıb.

A qrupunun növbəti oyununda Niderland və Ekvador seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. “Narıncılar” bu rəqibə qarşı iki yoldaşlıq matçı keçirib, bunların birində qələbə qazanıb, digərində heç-heçəyə nail olub. Avropalılar turnirdə Cənubi Amerika komandalarına sadəcə iki dəfə (8 qələbə, 4 heç-heçə) uduzub. Niderland 1978-ci ildə Argentina, 1994-cü ildə isə Braziliyanın müqavimətini qıra bilməyib.

Ekvador yarış tarixində köhnə qitə komandalarına iki dəfə (4 məğlubiyyət, 1 heç-heçə) qalib gəlib. Cənubi amerikalılar 2002-ci ildə Xorvatiyanı, 2006-cı ildə Polşanı yenib.

B qrupunda II tura Uels – İran görüşü ilə start veriləcək. Britaniya komandası ilk matçında ABŞ-la (1:1) heç-heçə edib. Asiya təmsilçisi İngiltərəyə 2:6 hesabı ilə uduzub. 1978-ci ildəki oyunda Uels bu rəqibini məğlubiyyətə uğradıb – 1:0. Avropalılar Asiya komandalarına qarşı son yeddi qarşılaşmada (5 qələbə, 2 heç-heçə) uduzmayıb. Cənub qonşumuz Avropa yığmaları ilə çıxdığı doqquz görüşün yeddisində yenilib, ikisində heç-heçəyə nail olub.

B qrupunun növbəti, günün isə son qarşılaşmasında İngiltərə ABŞ-ın müqavimətini qırmağa çalışacaq. Amerikalılar 1950-ci ildəki turnirdə qalib gəlib (1:0), 2010-cu ildə isə heç-heçə (1:1) əldə edib. Bu rəqibə qarşı 11 oyunun səkkizini qazanan britaniyalılar (2 məğlubiyyət, 1 heç-heçə) 1993-cü ildən sonra (4 qələbə, bir heç-heçə) ABŞ-a uduzmayıb. Amerikalılar Avropa yığmaları ilə 18 mundial matçının hamısında qapısında qol (32 qol) görüb. Komanda ən son 1950-ci ildə məhz İngiltərə seçməsi ilə matçda qol (1:0) buraxmayıb. 1966-cı ildəki turnirin qalibi olan ingilislər sadəcə 1982, 2006 və 2018-ci ildə ardıcıl iki matçda qələbə sevinci yaşayıb.

Share: