DÇ-2022: ABŞ-ın Avropa tilsimini qırmaq cəhdi, Argentina ilə Avstraliyanın mundiallarda ilk dueli

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk görüşdə ABŞ-la qarşılaşacaq Niderland millisi rəqibi üzərində böyük üstünlüyə malikdir.

Avropa komandası indiyə qədər amerikalılarla keçirdiyi 5 matçın dördündə qələbə qazanıb, yalnız 2015-ci ildəki son dueldə məğlub olub. Niderland dünya çempionatlarında digər qitə təmsilçilərinə rəqib olduğu son 19 qarşılaşmanın heç birində məğlubiyyət üzü görməyib (13 qələbə, 6 heç-heçə).

Hazırkı baş məşqçi Lui van Qaalın rəhbərliyi altında dünya çempionatlarındakı 10 görüşündə uduzmayan Niderland son 6 oyunun beşində qapısında qol görməyib.

ABŞ isə əksinə olaraq, mundiallar tarixində avropalılarla keçirdiyi son 11 qarşılaşmada qalibiyyət əldə etməyib. “Köhnə dünya” təmsilçiləri ilə axırıncı 11 duelin 6-da qələbə qazanan və 5-də meydanı məğlub tərk edən ABŞ sonuncu dəfə DÇ-2002-də Portuqaliya üzərindəki 3:2 hesablı qələbəyə sevinib.

KONKAKAF təmsilçisi dünya çempionatlarında buna qədər beş dəfə 1/8 finalda oynayıb ki, bunun dördündə uduzaraq, mübarizəni dayandırıb.

1/8 final mərhələsinin digər cütlüyündə Avstraliyanı sınağa çəkəcək Argentina millisi mundiallarda ilk dəfə bu komandaya rəqib olur. Adıçəkilən yığmalar tarixləri ərzində 7 dəfə üz-üzə gəliblər. Avstraliya cənubi amerikalılar üzərində yeganə qələbəsini 1998-ci ildə (4:1) qazanıb. Okeaniya təmsilçisinin hazırkı baş məşqçisi Qrem Arnold futbolçu kimi həmin qarşılaşmanın iştirakçısı olub.

İndiyə qədər mundiallarda Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşan Avstraliya hələ də qələbəyə həsrətdir – 1 heç-heçə, 3 məğlubiyyət. Bu yığma tarixində ikinci dəfə 1/8 finalda mübarizə aparacaq və ilk dəfə növbəti raunda yüksəlməyə çalışacaq.

Argentina yığmasının kapitanı Lionel Messi ilk dəfə dünya çempionatının pley-offunda fərqlənmək niyyətindədir. 35 yaşlı futbolçu mundiallardakı bütün qollarını qrup mərhələlərində vurub.

Qeyd edək ki, Niderland – ABŞ oyunu Bakı vaxtı ilə saat 19:00-da, Argentina – Avstraliya matçı saat 23:00-da başlayacaq.

Share: