Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dam örtüyündə yaşıl enerji mənbəyi yaradılıb

Prezident İlham Əliyevin sentyabrın 28-də açılışını etdiyi Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dam örtüyündə yaşıl enerji mənbəyi yaradılıb və şəbəkəyə inteqrasiyası həyata keçirilib.

“Report” xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

Onun sözlərinə görə, mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir.

Bildirilib ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək.

Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək. Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə edilməsinə imkan yaradacaq.

Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək. Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları, vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub.

35/0,4 kilovoltluq “Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası olmaqla 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq.

Share: