Buzovnada qanunsuz tikililərin söküntüsü yeni problemlərə yol açıb?

Buzovnada dəniz sahilindəki qanunsuz tikililərin sökülməsi ilə bərabər, ərazidə yeni problemlər ortaya çıxıb.  

Bu barədə Oxu.Az-a Buzovna sakini Əsəd Zeynalov məlumat verib. O, söküntü zamanı qayalara ciddi ziyan dəydiyini bildirib. Lakin ilk olaraq həmin tikililərin sökülməsinə necə nail olmalarından söz açıb:

“Qeyri-qanuni tikililərlə bağlı ötən ilin aprel ayında Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət etmişdik. Buzovnada zəbt olunmamış iki ərazi qalmışdı. Biri birinci, digəri isə doqquzuncu ərazi idi. Lakin bir müddət əvvəl doqquzuncu ərazinin hasarlandığını və oraya zibil atıldığını gördük və İH-ə məhz bunu bildirdik. Nəticədə oradakı işlər donduruldu. 

Daha sonra biz həmin məsələləri ictimailəşdirmək üçün Buzovna sakinləri olaraq bir qrup yaratdıq. Hətta qanunsuz tikililərin sökülməsi üçün iyun ayında Prezident İlham Əliyevə  videomüraciət etdik. Bundan əlavə, 800 Buzovna sakininin imzasını topladıq. Prezident də sakinlərin müraciətinə dərhal reaksiya göstərərək qayaların azad olunmasıyla bağlı göstəriş verdi”.

Şikayətçi iyunun 22-də Bakı Şəhər İcra Hakimiyyətinin hasarları uçurmağa başladığını deyib:

“Prezidentin göstərişi bizi çox məmnun etdi. Lakin əraziyə gələn şəxslər göstərişi tam mənasıyla qavraya bilmədikləri üçün qayaların qorunmasına diqqət etmədilər. O qayalar unikaldır və tarixi abidədir, biz söküntü zamanı onların qorunmasını xahiş etmişdik. Amma məmurlar bunu nəzərə almadılar. Dəniz kənarında ətrafı hasarlanmış yeddi-səkkiz villa vardı. Ekskavator həmin hasarları sökəndə dörd metr hündürlükdən beton qırıntısı zərblə qayanın üstünə düşürdü.  Gördüklərimə dözə bilmədiyim üçün işçilərə yaxınlaşıb qoruyucu zona yaratmalarını istədim. İşləri dayandırdılar, qısa müddət sonra bir məmur gəldi, dediyimiz heç bir şeyə məhəl qoymadan, “sökün getsin” komandası verdi. Beləliklə, qayalar bir xeyli zədələndi. Axırda məcbur olub ekskavatorun qarşısına keçdim ki, cinayətin qarşısını alım. Çünki həmin tullantılar bir tərəfdən qayaların üzərinə, digər tərəfdən də dənizə tökülürdü”.

Həmsöhbətimiz bütün bu halların məmur özbaşınalığından qaynaqlandığını vurğulayıb:

“Bunlar təbii abidəmizə və Xəzər dənizinə qarşı ekoloji cinayətdir. Ona görə də Xəzər Rayon Polis İdarəsinə, FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Mədəniyyət Nazirliyinə zəng etdim. Ən tez reaksiya isə Xəzər Rayon İcra Hakimiyyətindən gəldi. Qurumun Buzovna qəsəbəsi üzrə nümayəndəsi Emin Əliyev prosesin qarşısını aldı. İcra başçısı Elşən Salahov da işə müdaxilə etdi və söküntü normal şəkildə aparılmadığı üçün dayandırıldı.

Bundan əvvəl mən Xəzər Rayon Polis İdarəsinə gedib ərizə yazmışdım. Məndən prokurorluğa müraciət etməyim istənilmişdi. Onlara müraciət etdikdə isə bunun ekoloji cinayət olduğunu bildirib ərizəmi qəbul etmədilər”.

Əsəd Zeynalov iki gün əvvəl prosesin yenidən başladığını, ancaq bu dəfə Prezidentin göstərişinə düzgün əməl olunduğunu qeyd edib:

“Ətraf qayalar zədələnmədən əllə təmizlənilir. Çünki bu dəfə işin icrasını Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları həyata keçirirlər. Biz özümüz də sakinlər olaraq yeddi dəfə iməcilik keçirmişik”.

Sayad Həsənli

Share: