Britaniya səfiri: “Avroviziya”da Azərbaycan təmsilçilərinə azarkeşlik edəcəyəm”

Mayın 6-da Londonda Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək. Həmin gün dünyanın hər yerindən insanlar min ildən artıqdır ki, ənənəvi olaraq təşkil edilən möhtəşəm təntənəli nümayişlərin və ənənələrin şahidi olacaqlar. III Çarlzın tacqoyma mərasimində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak edəcəklər.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Report”a müsahibəsində krallıq üçün bu tarixi hadisə, eləcə də ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq haqqında ətraflı danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioritetləri dəyişibmi?

– Azərbaycana gələndə qeyd etdiyim prioritetlər dəyişməz olaraq qalır. Mən onları ingilis əlifbası ilə sıralamışdım:

A – Azərbaycan (Azerbaijan).

B – biznes (Business). Biz Böyük Britaniyadan Azərbaycana ixracı artırmağa və ölkəni beynəlxalq şirkətlər üçün daha cəlbedici etmək üçün biznes mühitini yaxşılaşdırmağa kömək etməyə çalışırıq.

C – iqlim dəyişikliyi və enerji təhlükəsizliyi (Climate Change and Energy Security). Bu məsələ hələ də diqqətimizdədir.

D – minatəmizləmə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və müdafiə (Demining, Drugs and Defense). Biz narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlığı davam etdiririk. Minatəmizləmə yenidən əməkdaşlığımızın mühüm sahəsinə çevrilib. Müdafiə əməkdaşlığı daim inkişaf etdirməyə çalışdığımız sahədir. Bu əməkdaşlığın bir sıra müxtəlif aspektləri var.

E – təhsil (Education). Biz Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevi bu həftəsonu Böyük Britaniyada keçiriləcək qlobal illik Dünya Təhsil Forumunda salamlamağı səbirsizliklə gözləyirik.

G – gender məsələsi (Gender). Bu məsələ həm qadınların iqtisadi hüquq və imkanlarının artırılması, həm də onların təhlükəsizliyi baxımından bizim üçün böyük prioritet olmaqda davam edir.

Qarşıda bizi bir sıra mühüm hadisələr gözləyir. Böyük Britaniyada baş tutacaq tacqoyma mərasimi onlardan birincisidir. Həmçinin gələn şənbə biz Ukraynanın əvəzinə “Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyik.

Rusiyanın müdaxiləsindən sonra arxada qalan dövr ərzində olduğu kimi Ukrayna daim bizim düşüncələrimizdədir. Ukraynalı mülki şəxslər – qadınlar və uşaqlar ölməkdə davam edir. Bu müharibə nəticəsində bütün dünyada enerji və ərzaq təhlükəsizliyinin kütləvi pozulması halları davam edir. “Avroviziya” Mahnı Müsabiqəsi həm də Ukraynada baş verənlərə diqqət çəkmək üçün bir fürsətdir. Əlbəttə ki, bu həm də musiqi və mədəniyyət, inklüzivlik bayramıdır. Çox şadam ki, cəmi bir neçə həftə əvvəl Azərbaycanın bu yarışdakı təmsilçiləri Tural və Turan ilə Zaqatalada görüşə bildim. Gələn həftə keçiriləcək ilk yarımfinalda onlara azarkeşlik edəcəyəm.

Bundan əlavə, biz ilk dəfə olaraq “Bir günlük səfir” təşəbbüsünü həyata keçiririk. Artıq səfirin müəyyənləşdirilməsi üçün müsabiqə keçirilib, lakin qalib hələ açıqlanmayıb. Ümid edirik ki, bu təşəbbüs daha çox gənc qadını səfir olmağa ruhlandıracaq və onlara öz potensiallarını tam reallaşdırmağa imkan verəcək.

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson mayın sonunda Azərbaycana səfər edəcək. O, Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya gələcək.

– Siz ticarət sahəsində əməkdaşlığı qeyd etdiniz. Böyük Britaniyanın Azərbaycanla ixrac/idxal sahəsində prioritetləri hansılardır?

– Bizim maliyyə (büdcə) ilimiz aprelin əvvəlindən martın sonuna qədər davam edir. Artıq ilin ilk ayında biz müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və kənd təsərrüfatı texnikası sahəsində bir neçə böyük ixrac nailiyyətləri əldə etdik. Birgə hökumətlərarası komissiyamız çərçivəsində Azərbaycan hökumətinə iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan uzaqlaşma ilə bağlı kömək etməyə hazır olduğumuzu çatdırmışıq. Əlbəttə ki, bu, hələ də Azərbaycan və Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq üçün vacib sahə olaraq qalır.

Biz həmçinin səhiyyə, informasiya texnologiyaları, infrastruktur və təmiz enerji kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını görürük.

– “Brexit” ölkələr arasında qarşılıqlı ticarətin həcminə təsir edibmi?

– Son 30 il ərzində Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 85 milyard ABŞ dolları həcmində investisiya qoyub. Bu müddət ərzində biz Azərbaycanda ən böyük birbaşa xarici investora çevrilmişik. Əlbəttə ki, iqtisadi mühit çox dəyişib. Son bir neçə il ərzində, hətta “Brexit”dən sonra da biz COVID-19 pandemiyasından keçmişik və hələ də Ukraynadakı müharibənin fəsadlarının şahidi oluruq. “Brexit” Avropa İttifaqı (Aİ) ilə ticarətə təsir edir, lakin Böyük Britaniya-Azərbaycan əməkdaşlığı güclü olaraq qalır. İnkişaf üçün hələ də böyük potensial var.

Biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə razılığa gəlməyə yaxınıq. Yalnız bir neçə detalın razılaşdırılması qalıb. Ümid edirik ki, bu sazişi tezliklə bağlaya biləcəyik. Bu, xüsusilə ticarət əlaqələrinə aiddir. Lakin geniş mənada, bir sıra digər sahələrdə genişmiqyaslı əməkdaşlıq davam edir.

– Sizcə, Böyük Britaniyanın Azərbaycana investisiyalarını necə artırmaq mümkündür və Azərbaycan bazarını Böyük Britaniya şirkətləri üçün daha cəlbedici etmək olarmı?

– Biz Azərbaycan bazarının Böyük Britaniya şirkətləri və digər beynəlxalq şirkətlər üçün daha cəlbedici olmasına kömək etmək istəyirik. Hökumət və biznes arasında yaxşı aydın kommunikasiyanın olması vacibdir.

Bununla bağlı bir neçə ay əvvəl Bakıda və Gəncədə də bir-iki seminar təşkil etdik. Bu tədbirlərdə həm özəl, həm də dövlət sektorunun nümayəndələri iştirak edib.

Bütün bunlar beynəlxalq investorların və iş adamlarının Azərbaycanı biznesin aparılması üçün bir yer kimi görməsinə təsir edir. Hesab edirik ki, bu imici yaxşılaşdırmaq üçün birlikdə edə biləcəyimiz bəzi praktiki nüanslar var.

– Böyük Britaniya elektron ticarət, kibertəhlükəsizlik, “ağıllı” şəhərlər və kəndlər sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək imkanlarını nəzərdən keçirir. Həmçinin “TheCityUK” və Azərbaycan Mərkəzi Bankı ötən il fintex-layihə həyata keçirib. Bu sahədə əməkdaşlıq hansı mərhələdədir?

– Texnologiya Böyük Britaniyanın daha çox əməkdaşlığa can atdığı bir sahədir. Azərbaycanın İKT sektoru güclüdür və inkişaf etməyə davam edir. Buna texnologiyanın mənimsənilməsinin, texnologiyadan istifadə edən əhalinin, elektron hökumət təşəbbüslərinin, eləcə də rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektor investisiyalarının artan səviyyəsi təsir edir. Britaniyanın texnologiya şirkətləri artıq bu sahədə yerli şirkətlərlə əməkdaşlıq edir.

Məqsədimiz bu əməkdaşlığı genişləndirmək və Britaniyada Azərbaycan bazarının imkanları haqqında məlumatlılığı artırmaqdır. Məsələn, Britaniyanın texnologiya şirkətləri artıq dekabr ayında dünyanın müxtəlif ölkələrindən texnologiya ekspertlərini bir araya gətirən illik Azərbaycan İnnovasiya Sammitində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

Keçən il Böyük Britaniyada keçirilən unikal texnologiya festivalı olan “London Tech Week”də İKT nümayəndə heyətini qəbul etdik. Ümid edirik ki, bu il daha çox yerli İT şirkəti iyun ayında bu tədbirdə iştirak edə biləcəklər. Bundan əlavə, tərkibinə Azərbaycan banklarının və kiberşirkətlərinin nümayəndələrinin daxil olduğu yüksək səviyyəli kibertəhlükəsizlik missiyası da Britaniyaya səfər edib.

Bu il biz Britaniyanın aparıcı kiberşirkətlərindən spikerləri dəvət edərək kiberkonfrans təşkil etməyi planlaşdırırıq. Kibertəhlükəsizlik və İT təhlükəsizliyi məsələləri ilə məşğul olan təhsil müəssisələri və universitetlər Azərbaycanda birgə proqramlar yaratmağa hazırdırlar.

“Ağıllı” şəhərlər sahəsində Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq edirik, o cümlədən rəqəmsal tikinti sahəsində Böyük Britaniyanın təcrübəsini bölüşürük. Bu, fikrimcə, Britaniyanın təklif edə biləcəklərinə maraq göstərilən bir sahədir. Bunlar süni intellekt, maşın öyrənilməsi sahələridir.

Həmçinin bu həftə 7 saylı “ASAN xidmət”də oldum, onun rəhbəri ilə görüşdüm. Orada Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin göstərilməsi səviyyəsi həqiqətən də heyranedicidir. Düşünürəm ki, bu sahədə bizim bir-birimizdən öyrənə biləcəyimiz məsələlər var.

– Kənd təsərrüfatında İKT-nin istifadəsi ilə bağlı əməkdaşlıq planı varmı?

– Böyük Britaniya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcuddur. Bu, iqtisadiyyatı şaxələndirmək arzusunun açıq şəkildə olduğu beş sektordan biridir.

Əlbəttə, İT, müasir texnologiyalar həqiqətən də məhsuldarlığın artırılmasında və Azərbaycan kənd təsərrüfatının dayanıqlılığının artırılmasında rol oynayacaq: iqlim dəyişikliyinə daha davamlı olan məhsul sortları su qıtlığı olan ölkədə kənd təsərrüfatının inkişafının həqiqətən mühüm hissəsinə çevriləcək. Odur ki, bu da diqqət yetirdiyimiz mühüm sahədir.

– Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

– Səfir kimi burada olduğum səkkiz ay ərzində və ondan əvvəl energetika bütün Avropada, o cümlədən Böyük Britaniyada ən yüksək səviyyədə mərkəzi mövzu olub. Mən bir sıra prezidentlərin, baş nazirlərin, energetika nazirlərinin Bakıya gəldiyinin şahidi oldum, çünki onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu dərk edirlər.

Biz Avropanın enerji təhlükəsizliyinə bu dəstəyi tanıyır və yüksək qiymətləndiririk.

Bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Cənub Qaz Dəhlizi üzrə konfrans da daxil olmaqla, məni həqiqətən heyrətləndirən odur ki, görüşlərdə söhbət təkcə qazdan yox, həm də ilk dəfə “yaşıl” enerjidən getdi.

Biz Dünya Bankı və IFC-nin Xəzərdə dəniz külək enerjisi gücünə dair hesabatını dəstəkləməkdən çox məmnun olduq. Azərbaycanda dəniz külək enerjisinin texniki potensialı 157 GVt həcmində qiymətləndirilir. Bu, onu göstərir ki, Azərbaycan gələcəyi və öz düşüncələrini həyata keçirmək üçün iqtisadiyyatını necə uyğunlaşdırmalı, investisiya və ekspert biliklərini necə cəlb etməli olması haqqında düşünür. Böyük Britaniya Azərbaycanla enerji sektorunda əməkdaşlığı davam etdirməyi planlaşdırır.

– Böyük Britaniya Azərbaycanı sıfır emissiyaya nail olmaq planlarında necə dəstəkləyə bilər?

– Hesab edirik ki, Azərbaycan 2030-cu ilə qədər enerji istehsalının 30%-ni bərpa olunan mənbələrdən əldə etmək planlarını həyata keçirir. Əslində bu, hər bir ölkənin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərlə bağlı BMT qarşısında götürdüyü öhdəlikdir.

Amma biz həm də hesab edirik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması çərçivəsində bərpa olunan enerji ilə bağlı planları ciddi təşəbbüsdür. Yeni infrastruktur qurarkən, onu, demək olar, sıfırdan formalaşdırarkən iddialı ola bilərsiniz, sıfır emissiya məqsədləri haqqında həqiqətən də uzaqgörən münasibət sərgiləyə bilərsiniz.

Son illər biz Azərbaycan hökuməti ilə təcrübə mübadiləsi üzərində işləyirik. Enerji tənzimləyicimiz “OfGem” burada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlıq edərək, onlara həm vətəndaşlar, həm də müəssisələr üçün yeni bərpa olunan enerji məqsədlərinə nail olmaqda ən yaxşı şərait yaradacaq ən yaxşı qanunvericiliyin hazırlanmasında köməklik göstərib.

Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Hidrometeorologiya Departamenti ilə əməkdaşlıq edirik və onlara müxtəlif sektorlardan istixana qazları emissiyalarının monitorinqi və hesabatı üçün ən yaxşı üsulların işlənib hazırlanmasında köməklik edirik.

Odur ki, burada söhbət təcrübə mübadiləsindən və sıfır emissiyaya nail olmaq üçün qanunvericilik və normativ aktların necə işlənib hazırlanmasından gedir. Eyni zamanda, qismən gənclərə xüsusi diqqət yetirməklə, ümumilikdə iqlim dəyişikliyi haqqında ictimaiyyətin məlumatlılığının artırılması üzərində işləyirik.

– Böyük Britaniya minaların təmizlənməsi və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı digər məsələlərdə Azərbaycanla əməkdaşlıq edir. Bu əməkdaşlıq bu gün hansı mərhələdədir?

– Burada olduğum 8 ay ərzində Ağdama, Füzuliyə və iki dəfə Zəngilana, eləcə də bəzi digər rayonlara səfər etmək imkanım oldu. Mövcud problemin miqyasını, eləcə də orada görülən həqiqətən təsirli işləri öz gözlərimlə görmək imkanım oldu. Mənə ANAMA ilə Zəngilana, Füzuliyə, Ağdama getmək və onların orada nə işlə məşğul olduqlarını görmək qismət olub.

Biz minalara qarşı əməliyyatları burada əsas prioritetlərimizdən biri kimi görürük və bu, Böyük Qayıdışın reallığa çevrilməsi istiqamətində mühüm addımdır. Böyük Britaniya son bir neçə il ərzində minalarla mübarizədə artıq 1 milyon funt-sterlinq həcmində yardım göstərib və biz bu baxımdan daha çox işlər görəcəyimizə ümid edirik.

Bunun böyük hissəsinə BMTİP-nin minalardan təmizləmə sahəsində ANAMA ilə əməkdaşlığı sayəsində nail olunub. Bu sektorda fəaliyyət göstərən bir sıra Britaniya şirkətləri də var. Problemin miqyası, minalarla dəhşət dərəcədə çirklənmiş nəhəng ərazi o deməkdir ki, həm dövlət, həm də özəl sektorda beynəlxalq potensiala və təcrübəyə malik olmaq, bütün bunları edə bilmək üçün yerli şirkətlərin potensialını artırmaq lazımdır. Beləliklə, biz bu göstəricinin getdikcə artdığını görürük.

Minalardan təmizləmə ilə yanaşı, onu da görürük ki, minalarla bağlı məlumatlılığın artırılması Böyük Qayıdışın təhlükəsiz olması üçün həqiqətən vacibdir.

Bir neçə ay əvvəl Ağalı kəndində olarkən ANAMA və UNICEF ilə birlikdə məktəbdə uşaqların mina və digər partlamamış hərbi sursatlar səbəbindən üzləşdikləri risklər barədə məlumatlılığını artırmaq üçün müəyyən işlər görmüşük. Məlumatlılığın yüksəldilməsi və ərazilərin minalardan təmizlənməsinin medalın iki üzü olduğunu görürük.

Bundan əlavə, bu ərazilərdə bəzi şəhərlərin baş planlaması ilə məşğul olan Britaniya şirkətləri var. Ümid edirik ki, bp tezliklə Cəbrayılda yeni böyük günəş elektrik stansiyasının tikintisinə dair müqavilə imzalaya biləcək. Bu, həm ərazilərin bərpası baxımından, həm də emissiyaların sıfır səviyyəsinə salınması baxımından əhəmiyyətli töhfə olacaq. Azərbaycan hökuməti beynəlxalq şirkətlərin bu yenidənqurma işlərinə cəlb edilməsində maraqlıdır və şübhəsiz ki, bu prosesdə iştirak etməkdə maraqlı olan bir sıra Britaniya şirkəti var.

– Kral III Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün Azərbaycandan kimlər dəvət olunub? Bu mərasim haqqında bizə ətraflı məlumat verə bilərsinizmi?

– Bu həftə bayram tədbiri olacaq. Tacqoyma mərasimlərinə qatılmaq üçün dünyanın hər yerindən dünya liderləri bizə qonaq gəlirlər.

Bazar ertəsi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüm. O, tacqoyma mərasimində Azərbaycanı təmsil edəcək.

Onu tacqoyma mərasimində Londonda qarşılamağı səbirsizliklə gözləyirik.

Bu gün ilk dəfə 250 ildən də çox yaşı olan adətlər yaşanacaq; at arabasında Bukingem sarayından gözəl yürüş olacaq, araba Uaytholdan keçərək Vestminster abbatlığına çatacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə Vestminster abbatlığında olub. Bu mərasim Britaniya mədəniyyətinin və tarixinin ən yaxşı və parlaq elementlərini bir araya gətirir.

Əlbəttə, Kral III Çarlz müasir baxışlara malikdir. O, iqlim və davamlılıq məsələlərinə, inklüzivliyə, gənclərə və gələcək nəsillərə çox diqqət yetirir. Odur ki, günün necə qeyd olunmasında bütün bu elementləri görəcəksiniz.

Share: