Bakıda kababxana və sallaqxaların rəhbərlərinin vecsizliyi onları susuz qoydu

Yasamal rayonunda ət kəsimi məntəqələrinin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara və obyektin su təchizatının dayandırılmasına baxmayaraq, qanunsuz əməlləri davam edib.

Bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, Yasamal rayon Sukanal İdarəsi mütəxəssislərinin keçirdiyi nəzarət tədbirləri zamanı məlum olub ki, kababxana və sallaqxanalarda içməli su ciddi şəkildə talanıb.

Ərazidə mövcud olan 10-dan çox obyektin cəmi biri sudan qanuni istifadə edib. Digər obyektlərin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara, hətta su təchizatının dayandırılmasına baxmayaraq, yenə də müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar.

Qeyd edilib ki, içməli sudan qanunsuz istifadənin qarşısını almaq məqsədilə obyektlərin su təchizatı dayandırılıb.

Yasamal rayon Sukanal İdarəsinin mütəxəssisləri bütün obyektləri siyahıya alıb və sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. 

Məlumatda əlavə olaraq qeyd edilib ki, içməli sudan qanunsuz və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu cür halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

“Adıçəkilən ərazidə ət kəsimi ilə məşğul olanlar kanalizasiya şəbəkəsinə qanunsuz qoşulma ediblər. Şəbəkəyə heyvan tullantılarının axıdılması baxış quyularının və xətlərin tez-tez tutulmasına, çirkab suların ətraf əraziyə dağılmasına səbəb olur”, – deyə məlumatda qeyd edilib.

Share: