Bakı yeni format təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hər oyunu öz qaydaları ilə oynamağı yaxşı bacarır. Bu səbəbdən də mövcud şəraitdə sülh prosesinin daha dinamik və nəticəyə aparacaq şəkildə irəliləməsi üçün yeni təkliflər irəli sürür. Təklif edir ki, regionun problemləri region ölkələrinin vasitəçiliyi ilə, ya da birbaşa həll olunsun.

Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni imkanlar və reallıqlar yaranıb. Bu reallıqlar bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir və hər üç bölgə dövlətinin ümumi maraqlarına xidmət edir. Prosesin yeni mərhələyə keçməsinin qarşısında həmişə olduğu kimi yenə də bir əngəl var – Ermənistan.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, rəsmi İrəvanın sülh prosesini pozmaq cəhdləri davamlı və sistemli mahiyyət daşımağa başlayıb. 2020-ci ildən sonra üç formatda aparılan danışıqlar hər dəfə İrəvanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi səbəbindən müsbət nəticələr verməyib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İrəvan Vaşinqtonla Paris arasında qalıb

Ukrayna-Rusiya müharibəsinə qədər Moskvanın moderatorluğu ilə aparılan prosesdə İrəvan məlum səbəblərdən hansısa məsələlərdə üzərinə götürdüyü öhdəlikləri (əsas şərtlər istisna olmaqla) yerinə yetirirdi. Sonradan Qərb Avropa İttifaqı Prezidenti Şarl Mişelin timsalında Cənubi Qafqazdakı sülh prosesinə fəal müdaxilə etməyə başladı. Aldığı məğlubiyyətin fəsadlarını qismən sığortalamaq imkanı qazandığını düşünən İrəvan Brüssel formatı adlandırılan danışıqlar prosesinə daha çox meyl etdi.

Azərbaycanın qalib dövlət olaraq masadakı şərtləri isə dəyişməz olaraq qalırdı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, daxili işlərinə müdaxilə etməməli, kommunikasiyalar açılmalıdır. Bakının diplomatik təzyiqləri və beynəlxalq hüquqa əsaslanan haqlı tələbləri fonunda Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. Brüsseldə də istədiyini əldə etmədiyini görən Paşinyan hökuməti prosesə ABŞ və Fransanın timsalında erməni lobbisinin güclü olduğu iki ölkənin müdaxiləsi üçün əlindən gələni edir.      

Ermənistan və Qərbin pozulan planları

2022-ci ildə sülhün yaxın olduğuna dair dünyada optimist fon yaransa da, proses yenidən Ermənistanın qeyri-real tələbləri ilə pozulmuş oldu. Fransanın müdaxiləsi nəticəsində Laçın yolunda ekofəalların aksiyası və gömrük postunun qurulmasını bəhanə edərək aylarla dialoqdan qaçan İrəvanın bütün təşəbbüsləri bu dəfə Vaşinqtonun dövrəyə girməsi ilə pozuldu. Bir neçə dəfə günlərlə davam edən ikitərəfli danışıqlarda sülh sazişinin bir çox elementləri razılaşdırılsa da, Paşinyan məhz Fransanın təzyiqləri ilə “Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi, hüquq və azadlıqlarının təmininə beynəlxalq zəmanət” oyununu ortaya atdı. Lakin bir günlük lokal antiterror tədbirləri ilə separatizmin kökünün birdəfəlik kəsilməsi vəziyyəti tamamilə dəyişib.

Bir masada Azərbaycana qarşı dörd tərəf

İndi Qərb, xüsusilə də Fransa könüllü şəkildə Qarabağı tərk edən ermənilərdən istifadə edərək Azərbaycana qarşı “etnik təmizləmə” ittihamlarını ortaya atıb. Milli maraqlarımızı təhdid edən proseslər Azərbaycanın Qranada görüşündən imtinası ilə nəticələnib. Hansı ki, həmin masadakı dörd ölkənin “eyni cəbhədə” Azərbaycana qarşı dayandığı heç kimə sirr deyil. Təəssüf ki, başlanğıcda bitərəfliyini qorumağa çalışan Şarl Mişel də Fransanın məlum anti-Azərbaycan oyununa alət olur. Vəziyyəti düzəltmək üçün yenidən Brüssel formatına qayıdış təşəbbüsünü irəli sürsə də, proqnozlar bu formatın artıq öz imkanlarını tükətdiyini söyləməyə əsas verir. Ermənistan isə Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqlardan imtina edir. Belədə, faktiki olaraq danışıqların pozulması təhlükəsi yaranır.

Vasitəçilərsiz sülh prosesi

Lakin rəsmi Bakı hər oyunu öz qaydaları ilə oynamağı yaxşı bacarır. Azərbaycan mövcud şəraitdə prosesin daha dinamik və nəticəyə aparacaq şəkildə irəliləməsi üçün yeni təkliflər irəli sürür.

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq Gürcüstan ola bilər: “Biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

Azərbaycan Prezidenti həftə ərzində bu fikirlərini daha da inkişaf etdirərək danışıqların formatına dair növbəti yeni yanaşmasını ortaya qoyub. Dövlət başçısı MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşündə bir daha danışıqlar prosesinə toxunub. Bildirib ki, Bakı sülh sazişi üzərində işi davam etdirməyə hazırdır: “Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”.

Dövlət başçısının bu iki açıqlamasını əsas tutaraq deyə bilərik ki, Bakı danışıqlar prosesi ilə bağlı İrəvana hər iki tərəfi razı sala biləcək yeni format təqdim edir. Təklif edir ki, regionun problemləri regionda həll olunsun.

İndi top Ermənistandadır

Belə vəziyyətlərdə diplomatların hər zaman söylədiyi bir məşhur ifadə var – “indi top Ermənistandadır”. Bakının bu təşəbbüsünə İrəvanın hansı reaksiya verəcəyi proseslərin sonrakı axarına ciddi təsir edəcək. Paşinyan problemlərin həlli üçün bölgə dövlətlərinin iştirakı ilə “3+3” formatının reallaşmasına yaşıl işıq yandıracaq, yoxsa yenidən kənar oyunçulara Cənubi Qafqazda sülh prosesini çıxmaza sürükləmək üçün imkanlar yaradacaq? Bu sualın cavabını isə yaxın zamanda biləcəyik.

Share: