Bakı və Siyəzəndə qumbaralar tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.

Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu Siyəzən şəhərində aşkar edilmiş döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarasını müvafiq qaydada ərazidən götürərək kənarlaşdırıb.

Share: