Bakı-Qazax yolunda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti AÇIQLANDI

Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

15:36

Bakı-Qazax yolunda avtobusun aşması nəticəsində yaralanan şəxslər Kliniki Tibbi Mərkəzə aparılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur. 

Onlara ilkin tibbi yardım göstərilir.

15:01

Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb piyada olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, avtobusu aşırıb.

Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına piyada çıxıb:

“Bu səbəbdən sürücü idarəetməni itirərək avtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

14:09

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, qəza avtobusun aşması nəticəsində baş verib.

Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Könül Cəfərli

Share: