Azyaşlı qızı qaçıran kişi 24 il əvvəl içkili maşın sürdüyünə görə tapıldı – ABŞ-də inanılmaz hadisə

Həftə sonu Nyu-Yorkun “Moreau Leyk” Dövlət Parkından valideynləri və dostları ilə istirahət zamanı qaçırılan doqquz yaşlı Şarlotta Sen qəribə təsadüf nəticəsində xilas edilib. Onun tapılmasının detalları ABŞ-də gündəm mövzuya çevrilib.

Bildirilir ki, qızcığaz çadırların yaxınlığında velosipedlə oynayarkən yoxa çıxıb. Bir neçə gün ərzində təkcə polis və yaxınlarının deyil, yüzlərlə könüllünün də iştirak etdiyi axtarış-xilasetmə əməliyyatı keçirilib, dronlar və sualtı axtarış qrupları cəlb olunub. Uşağın əlamətləri  – tünd mavi şalvar, narıncı “Pokemon” köynək və qara sandalda olan sarı saçlı, yaşıl gözlü qız – bütün kanallarda da yayımlanıb.

Ancaq nə uşaq, nə də heç bir ipucu tapılmayıb. Şarlottanın velosipedi düşərgənin yaxınlığında aşkar edildiyi üçün onun qaçırıldığı ilə bağlı nəzəriyyə prioritet olub.

Bir neçə gün sonra Şarlottanın valideynləri girov pulu ilə bağlı məktub alıblar.

Qeyd polisə çatanda ilk iş kağızda qalan barmaq izlərini götürüb məhkumların məlumat bazası ilə müqayisə etmək olub. İş 15 dəqiqə ərzində həll olunub: izlər 46 yaşlı Kreyq Nelson Rossa məxsus olub. Maraqlıdır ki, həmin şəxs 20 il ərzində qanun pozmayıb, yalnız 1999-cu ildə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılan zaman barmaq izləri götürülüb.

Bundan dərhal sonra iki xüsusi təyinatlı qrup Rossun anasının evinə yollanıb. Saxlanılan zaman kişi müqavimət göstərməyə çalışıb və yüngül xəsarətlər alıb.

Şarlotta şkafda kilidli vəziyyətdə tapılıb.

Məlumata görə, qız xəsarət almayıb, ancaq stres vəziyyətində olub və bu, onun psixikasına təsir edə bilər. Bu səbəbdən onunla psixoloqlar işləyirlər.

Rossa qarşı birincidərəcəli adam oğurluğu ittihamı irəli sürülüb. Bu kateqoriyaya ölüm cəzası ilə cəzalandırıla bilən ən ağır cinayətlər daxildir.

Mənbə: Gazeta.ru

Share: