Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə dair birgə bəyanat yayılıb

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soşidə keçirilən üçtərəfli görüşündə birgə bəyanat qəbul edilib.

Sənədə əsasən tərəflər indiyədək əldə olunmuş razılaşmaların icrasına sadiqliklərini bir daha ifadə edib, mövcud problemlərin həlli istiqamətində əlavə səylər göstərməyə razılaşıblar.

“Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq”.

Bəyanatda Rusiya sülhməramlılarının bölgədəki rolu xüsusi olaraq vurğulanıb. Həmçinin, tərəflərin güc tətbiq etmə və güc tətbiq etmə ilə hədələmədən çəkinmələri, bütün problemləri istisnasız olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq prinsipi əsasında həll etmələri razılaşdırılıb. Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır.

“Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq”, – sənəddə bildirilir.

Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir. Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.

22:13

“Biz birgə bəyanatı razılaşdırdıq. Sənədin ilkin versiyasından bəzi məsələləri silməli olduq. Amma görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razıyam”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələri haqqında danışarkən bildirib.

“Bu, bütövlükdə vəziyyətin həlli üçün gələcək addımlara şərait yaradır”, –  deyə o, əlavə edib.

Share: