Azərbaycan Həştərxanda keçirilən beynəlxalq media forumunda iştirak edir

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir.

“Report” xəbər verir ki, səfərin məqsədi burada keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” mövzusunda beynəlxalq forumda iştirak etməkdir.

Digər rəsmi şəxslərin və jurnalistlərin təmsil olunduğu heyət səfərə Ümummilli Lider Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət etməklə başlayıb. Heyət üzvləri abidənin qarşısına gül çələngi qoyub.

Forumda Xəzərətrafı ölkələrin media nümayəndələrinin müxtəlif problemləri, bu sahənin perspektivləri ətrafında müzakirələr aparılacaq. Azərbaycan nümayəndə heyətində təmsil olunan diplomatların və media nümayəndələrinin də çıxışı gözlənilir.

Forum iştirakçıları arasında işgüzar jurnalistika və biznes kommunikasiyaları, Xəzərətrafı ölkələrin media və gənclər siyasəti mövzularında diskussiyalar paneli təşkil olunacaq. Tədbir boyunca müxtəlif mövzularda bir neçə treninq, debat, tok-şou və master-klasın keçirilməsi də nəzərdə tutulur.

Nümayəndə heyətinin tərkibində “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev də təmsil olunur.

Share: