Avtoqol “Liverpul”un doqquz nəfərlik əziyyətini heç etdi

İngiltərə Premyer Liqasının VII turu “Liverpul” üçün uğursuz alınıb.

Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi səfərdə “Tottenhem”ə uduzub – 2:1.

26-cı dəqiqədə Körtis Cons “qırmızılar”ın heyətində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan 10 dəqiqə sonra Son Hın Min London klubunu hesabda irəli çıxarıb. Lakin özündə güc tapan “Liverpul” hissənin sonuna qədər hesabda tarazlıq yarada bilib. 45+4-cü dəqiqədə Kodi Qakpo fərqlənib.

İkinci hissə “Liverpul” üçün daha uğursuz keçib. 69-cu dəqiqədə Dioqu Jota ikinci sarı vərəqədən “qırmızı” almaqla meydanı erkən tərk etməli olub. 90+6-cı dəqiqədə isə Coel Matip avtoqol müəllifi olub və “Tottenhem”in qələbəsi rəsmiləşib.

Bu məğlubiyyətdən sonra 16 xalda qalan “Liverpul” dördüncü pillədədir. Xallarını 17-yə çatdıran “Tottenhem” eyni xala malik “Arsenal”ı geridə qoyaraq ikinci yerə yüksəlib.

Faiq Tahirov

Share: