Avropa çempionatı: Azərbaycan cüdoçuları üçün uğursuz gün

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının fərdi yarışında çıxışlarını başa vurublar.

Oxu.Az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub.

Cüdoçulardan üçü – Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, onların hamısı öz rəqiblərinə uduzaraq beşinci yerlə kifayətləniblər.

Azərbaycanın qadın cüdoçuları – Südabə Ağayeva və Nərmin Əmirli isə elə ilk görüşlərindəcə mübarizəni başa vurublar.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanıb.

Sabah AÇ-də komanda yarışı baş tutacaq. Azərbaycan millisi təsnifatda Ukrayna kollektivi ilə üz-üzə gələcək.

10:23

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulacaq.

81 kq çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyev monteneqrolu Nikola Stanisiç ilə üz-üzə gələcək.

90 kq çəkidə çıxış edən İsmayıl Zamanov isə Böyük Britaniya cüdoçusu Rayan Riksen Salmanla mübarizəyə start verəcək. O, bu rəqibini keçəcəyi təqdirdə növbəti mərhələdə Fransis Damyeri (Fransa) sınağa çəkəcək.

100 kq çəkidə isə Ruslan Nəsirli niderlandlı Kilian Bultuislə qarşılaşacaq.

Qadınların yarışında isə iki Azərbaycan təmsilçisi tatami üzərinə çıxacaq.

70 kq çəkidə Südabə Ağayeva mübarizəyə Sesilya Betemslə start verəcəksə, 78 kq-dakı təmsilçimiz Nərmin Əmirlinin ilk rəqibi serbiyalı Yovana Stepanoviç olacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanıb.

Share: