Astarada qəzalı vəziyyətə düşmüş körpünün yerləşdiyi ərazidə hərəkət bərpa olunub

Astara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, 8 metr uzunluğa malik olan körpü Pensər-Toradi avtomobil yolunun başlanğıcında yerləşir. Təbii fəlakət nəticəsində avtomobil yolu ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açılıb.

Daha sonra nəqliyyat vasitələri üçün alternativ yolun salınması işlərinə başlanılıb. Bunun üçün əraziyə xüsusi borular gətirilib. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti üçün yeni yol hissəsi salınıb.

Qeyd edək ki, Astara rayonunda sel sularının problemlər yaratdığı digər yollarda da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər davam etdirilir.

Share: