Almaniya prezidentinin İlham Əliyevə zəngindəki çalarlar

Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentlərin görüşündə müzakirə edilən məsələlər:

– Regional təhlükəsizlik;

– Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqlarının əhəmiyyəti;

– Laçın-Xankəndi yolundakı vəziyyət;

– İkitərəfli əlaqələrin perspektivi.

Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində özünü neytral mövqedə dayanan dövlət kimi göstərsə də, ölkədəki dairələrdən Bakı əleyhinə tozanaq qaldırılması adi hal alıb.

Ancaq Azərbaycanın Cənubi Qafqaz ölkələri içərisindəki hakim mövqeyi, ölkənin Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları üçün getdikcə artan əhəmiyyəti Almaniyanı düşündürür. Buna görə də Almaniya özünəməxsus məsuliyyəti üzərinə götürməklə Azərbaycanla əlaqədar əlavə dəyər siyasətini formalaşdırmalıdır.

Almaniya Avropa İttifaqının gücü olaraq Azərbaycanın könlünü almaq üçün üç istiqamətdə məsafə qət etməlidir.

Birincisi, Almaniya beynəlxalq təşkilatlarda Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar neytrallığını qorumalı və prosesə xələl gətirə biləcək bəyanatlardan yayınmalıdır.

İkincisi, Almaniya ölkədə erməni lobbisinin əlində kuklaya çevrilən siyasətçilərin leksikonunu öz dövlət siyasətinin tərkib hissəsinə qatmamalıdır.

Üçüncüsü, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini həzm etməyi bacarmalıdır.

Bunlar Almaniyanın Cənubi Qafqazda sabitliyə verə biləcəyi töhfə payıdır.

Cənubi Qafqazdakı sabitlik Avropa İttifaqının Qara dəniz cinahı boyunca təhlükəsizlik prinsiplərinə birbaşa təsir edir.

Bu səbəbdən də Avropa İttifaqı Cənubi Qafqazdakı dəyişikliklərə, o cümlədən Azərbaycanın qüdrətinin artması, gündəlik formalaşdırmasına sürətlə uyğunlaşmalı və regionla bağlı ümumi siyasət hazırlamalıdır.

İttifaq həmin istiqamətlərdə mühüm addımlar atır, amma Birliyə üzv olan Fransanın və ona yaxın mövqedə duran dövlətlərin Ermənistan sevgisi Avropanın daxilində mübahisələri alovlandırır.

Bir tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel etibarlı moderator kimi Azərbaycan-Ermənistan ali səviyyəli danışıqlarını təşkil edərkən, digər tərəfdən Fransa bu prosesi korlayan addımlara gedir.

Parisin siyasəti Avropa İttifaqının vahid yanaşmasının həyata keçməsini ləngidir, buna görə də dövriyyəyə Almaniya salınır. Çünki Berlinin mövqeyi Fransa qədər qərəzli deyil.

Şarl Mişel və Almaniya Fransanın Cənubi Qafqaz siyasətindəki avantüraya getmək istəmirlər, buna görə də mümkündür ki, Avropa İttifaqı səylərini Berlinin vasitəsilə yenidən sınamağı qərara alıb.

Ştaynmayerin Əliyevə zəngi Avropa İttifaqının Almaniyanı “Azərbaycanın nəbzini sən yoxla” təlimatına uyğun çalarlara malikdir.

Ola bilər ki, cənab Ştaynmayer Əliyevə Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlərin pozitiv nəticələrin əldə edilməsi üçün əhəmiyyətindən danışıb.

Avropa İttifaqı yenidən İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü təşkil etməkdə inadkar görünür.

Azərbaycan Avropa İttifaqı formatındakı danışıqlardan qaçmır, o şərtlə ki, dialoqa avantürist maraqlar ürcah edilməsin.

Bu baxımdan Almaniya Fransanın axarına qoşulmamaq şərtilə İttifaqın qüdrətli üzvü kimi prosesi qabağa aparmaq gücünə sahibdir.

Aqşin Kərimov

Share: