Ali məktəblərə qəbul imtahanları keçirildi: Yeddi nəfər qovuldu

Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Qurumdan verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1 663 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 273 imtahan rəhbəri, 2 079 nəzarətçi-müəllim, 283 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Yeddi nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Sabah saat 14:00-da DİM-in “YouTube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.

İyulun 23-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.

09:17

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bugünkü imtahanda 22 min 441 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcəklər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Share: