Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə dörd nəfər tutulub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində fərdi yaşayış evindən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə dörd nəfər tutularaq istintaqa cəlb ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 1000 manata yaxın olan otbiçən alətin, hava kompressorunun, avtomobilə aid detalın və digər avadanlıqların oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Müzəffər Qədirov tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə aşağı qiymətə satdığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər – Nazir Məlikov, Elşən Babayev və Hakim Quluyev – saxlanılıb. Onlardan heroin və metamfetamin aşkar edilərək götürülüb. İstintaq zamanı E.Babayevin üzərində daşıdığı heroini 30 manat müqabilində N.Məlikovdan aldığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Share: