Əlamətlər eyni, müalicə üsulları fərqli: Koronavirusa görə yeni vaksin dozalarına ehtiyac var?

Son dövrlər Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında xeyli azalma müşahidə edilir. Statistikaya görə, ötən gün 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Bəzi ölkələrdə virusa yoluxmanın artması isə cəmiyyətin müəyyən qismini həyəcanlandırır: Pandemiya başlayandan Azərbaycanda vaksinasiya aparılır, üçüncü dozadan sonra da immun sertifikatı müddətsiz olur. Bir müddət əvvəl üçüncü dozadan sonra vaksinasiya prosesinin davamlı aparılması – yəni dördüncü, beşinci və s. dozanın da vurulması ilə bağlı çağırışlar səsləndi. Hazırda bəziləri üçüncü dozadan sonra vaksinə ehtiyac olmadığını düşünürlər. Bir qisim şəxs də vaksin ehtiyatının bitməsi səbəbindən çağırışların zəiflədiyini söyləyir.

Maraqlıdır, yenidən vaksinasiya mərhələsi başlana bilərmi? Bizdə vaksin ehtiyatı nə qədərdir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Nicat Əzimli yoluxma sayının azalmasını kollektiv immunitetin təsiri ilə əlaqələndirib:

“Yaranmış kollektiv immunitetin təsiri böyükdür. Burada başlıca səbəb aparılmaqda olan effektiv vaksinasiya və qazanılmış təbii immunitetdir. Xüsusilə son aylarda kontagiozluğu (yoluxuculuq xüsusiyyəti) yüksək, letallığı (öldürücülüyü) isə az olan variatların dominantlığı kollektiv immunitetin yaranmasını sürətləndirib.

Bununla yanaşı, bilmək lazımdır ki, cari vəziyyətdə hər nə qədər bu cür müsbət situasiya yaranmış olsa da, SARS-COV-2 özündən sonra davamsız immunitet yaradan virus növüdür. Buna görə də arxayınlamaq olmaz. Həssas şəxslərin revaksinasiyası onların risk daşıdığı aspektdən yanaşdıqda önəmlidir”.

N.Əzimli payız-qış mövsümündə tənəffüs yolunun viral infeksiyalarının artmasının təbii hal olduğunu deyib:

“Hazırda bizə qonşu olan ölkələr də daxil olmaqla bir çox ölkədə qripin müxtəlif variantlarına (H1N1, H3N2), eləcə də koronavirusa yoluxmalarda artım qeydə alınır. Lakin bir daha qeyd etmək lazımdır ki, burada hər hansı yeni mutasiyadan və ya yeni bir virusdan söhbət getmir.

Bununla bağlı əsas problem bu xəstəliklərin eyni vaxtda artması, simptomlarının oxşar, müalicələrinin isə fərqli olmasıdır. Buna görə də düzgün diaqnoz və uyğun müalicə üçün vaxtında mütəxəssisə müraciət etmək gərəklidir”.

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, vaksin ehtiyatımız kifayət qədərdir:

“Xəstəliyin azalması vaksinasiya ilə əlaqəlidir. Bizdə kollektiv immunitet formalaşıb deyə azalma müşahidə edilir. Vaksin hər zaman var. Ümumiyyətlə, vaksin ehtiyatı həmişə saxlanılır. Müəyyən artmalar olsa da, ciddi olmayacaq. Düşünmürəm ki, vaksinə kəskin ehtiyac olsun”.

M.Əliyev vaksin dozalarının artırılmasına ehtiyac olmadığını əlavə edib:

“Artıq üç dəfə vaksin olunanların bəziləri dördüncü dəfə vaksinasiyadan keçiblər. Lakin indi ehtiyac yoxdur. Kim ki risk qrupuna daxildir, xəstəlikdən, yaxud peyvənddən altı ay keçibsə, onların vaksinasiyası tövsiyə olunur. Sağlamların vaksinasiya edilməsinə ehtiyac olduğunu düşünmürəm”.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, üç doza peyvənd alan şəxslər tam peyvənd olunmuş hesab edilirlər:

“Əlbəttə, koronavirusa yoluxmanın azalması vaksinasiyanın təsiridir. Ölkəyə gətirilən peyvəndlərin istifadə müddəti bitməyib və vaxtı bitmiş peyvənd yoxdur.

Hazırda epidemioloji vəziyyət dozaların artırılmasını tələb etmir və üç doza peyvənd alan şəxslər tam peyvənd olunmuş hesab edilirlər. Lazımi qədər vaksin ehtiyatımız var. Yeni kampaniyanın başlanılması nəzərdə tutulmayıb”.

Nəzrin Vahid

Share: