Övladlığa uşaq götürmək istədi, ailəsini tərk etdi, evində ölü tapıldı… – Xalq artisti hansı aktrisa ilə heç vaxt danışmadı?

Bu gün aktrisa, Xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Məktəbə “Güləliyeva” soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb.

***

Anasının ilk evliliyindən olan qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən qaçaq salır. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Zərnigar xanım o illəri müsahibələrində belə xatırlayır:

“Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün illərimi teatrda, tamaşalarda keçirdim”.

***

Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyevanın həyatında unuda bilmədiyi məhəbbəti olub. Bu şəxsin kimliyi haqqında heç vaxt danışmayan aktrisa müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyir:

“Həyatımın böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmirdi”.

Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlayaraq verdiyi açıqlamasında onu sevdiyini etiraf edib. İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib. Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddi vəziyyətinin qənaətbəxş hesab edilmədiyi üçün baş tutmayıb.

***

“Təhminə” filminin çəkilişləri zamanı Rasim Ocaqovdan xahiş edib ki, Zivərin Təhminəyə söyüş söydüyü səhnədə söyüşü açıq şəkildə ifadə etməsin. Ancaq rejissor razı olmayıb:

“Biz Həsən Məmmədovla birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Rasim müəllim yek kəlmə dedi ki, “yox! Deməlisiz. Vəssalam”

Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Zərnigar Atakişiyeva ilə bağlı xatirəsini bölüşərək deyir:

“Vəziyyətinin yaxşı olmayan vaxtı idi. “Canavar balası” tamaşasında oynadıq. Evindən küsüb çıxmışdı, qalmırdı. Dedi ki, Rus Dram Teatrında yatacam. Çantasında yeməyi də var idi. Onu maşına otuzdurub evimə apardım. Yemək etdik, qızım onu çimizdirdi. Ölənə qədər bunu unutmadı. Bir dəfə ona teatrda ayaqqabı alınmalı idi, alınmamışdı. Ayaqyalın səhnəyə çıxdı. Çox istedadlı aktrisa idi, gözəl rollar oynayırdı”.

***

Ölənə qədər həmkarı aktrisa Safura İbrahimova ilə küslülü qalıb. Zərnigar Ağakişiyeva rəhmətə gedəndə Safura İbrahimova onunla küslü qaldığına görə peşmançılığını dilə gətirib:

“Gərək barışaydıq, küsülü ayrılmazdıq”.

Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.

***

Afaq Məsudun “Qatar altına atılan qadın” pyesinin tamaşasında ona baş rol verilsə də Zərnigar Ağakişyevanın məşq zamanı mətni unutması bu tamaşada iştirakına mane olur. Xəstəliyi irəliləyən və yaddaşı zəifləyən aktrisa teatrdan getmək vaxtı çatdığını anlayır və ərizə yazaraq teatr səhnəsi ilə vidalaşır. Hətta teatrda onun üçün vida məclisi də qurulur. Amma bu ayrılıq onu qısa müddət sonra həyatdan ayırır.

Onun həyatda ən böyük qorxusu tək ölmək olub:

“Qorxuram qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz”.

***

Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 2018- ci il fevralın 8-də ürək çatışmazlığından yaşadığı evdə tək-tənha vəfat edir və yalnız ölümündən 3 gün sonra tapılır.

Share: