Onların Heydər Əliyevi yoxdur… – Əkbər QOŞALI yazır

Bu gün Ümummilli lider Heydər Əliyevin əbədiyyətə uğurlanmasından 20 il ötür…

Bu ilki anım günü öncəkilərdən yalnız 20-ci ildönümü olduğuna görə fərqlənmir; 2023-cü ilin 12 dekabrı Ümummilli liderin əziz xatirəsini Xankəndidə, Xocalıda… da dərin sayğılarla yad edə bilməmizlə əlamətdardır.
Gəlin, üç il öncə – 2020-ci il noyabrın 8-də deyilmiş o möhtəşəm sözləri bir daha xatırlayaq:
“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! – Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev əziz Şuşanın qurtuluşunu belə müjdələmişdi!
Prezident bu il may ayının 10-da – Ümummilli liderin anadan olmasının 100-cü ildönümündə məhz Şuşadan, 30 ilə yaxın müddətdə işğalçıların yuvalandığı inzibati binanın önündəki meydandan Xalqa müraciət edərkən isə belə deyirdi:
“Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi”.
Və nəhayət 15 sentyabr 2023-cü il! – Xankəndi şəhərinin mərkəzində üçrəngli müqəddəs bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan dedi:
“Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq”!..
Bəli, 100 il boyunca, özəlliklə son üç onillik boyunca çox faciələr yaşadıq, dəfələrlə tək qaldıq, bir mənəvi dəstək görüncə onu hadisə olaraq qəbul etdik… Çünki beynəlxalq ictimaiyyətə güclü təsir imkanları olan dövlətlər işğalçının arxasındaydı… Rusiyası da, Fransası da, ABŞ-ı da, bir sürü o biriləri də…
“Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində”…
Böyük faciələrlə üz-üzə qalmış xalqımız, 1 milyon evsiz-eşiksiz soydaşı, həmvətəni, vətəndaşı ölkə üzrə bağrına basdı, dağıdılmış torpaqlarımızın ağrı-acısına dəyanətlə sinə gərdi… Çətin idi ancaq bacardıq! Son illər bizim 90-cı illərdəki kimi hadisələrlə üzləşən dövlətlər haqqında tez-tez belə deyildiyinin şahidi oluruq: “Onların Heydər Əliyevi yoxdur”… 90-cı illərdəki girdabdan Heydər Əliyev dühası sayəsində çıxan ölkəmiz, sonrakı illərdə qarşılaşdığımız mürəkkəb durumlardan da Heydər Əliyev irsi və Heydər Əliyev məktəbinin ən yaxşı yetirməsi sayəsində çıxa bildi. Bütün qardaşlara, dostlara məhəbbət və ən xoş diləklərimizi əsirgəmədən, etiraf edək: Gürcüstan, Ukrayna, Moldava – GUAM (və dərd!) ortaqlarımız hələ girdabdan çıxa bilməzkən, biz nəhayət tarixi uğura imza atmanın qürurunu yaşayırıq. Sağ əlimiz başlarına!
Bəli, xalqımız müdrik xalqdır. Məhz bu müdriklikdir ki, 30 il öncə Heydər Əliyevə, 20 il öncə onun ən layiqli davamçısına güvəndi və bu il əlamətdar yubileyləri ərazi bütövlüyü bərpa edilmiş, suverenliyi təmin olunmuş dövlət olaraq qeyd etdik.
Bundan sonra isə inkişafımız daha da dərin məzmunlu, daha üfüqügeniş olacaq. – İtirdiyimiz onilliklərə görə sürətli və bütün sahələri özündə ehtiva edən bir inkişafdan danışırıq. Danışmırıq, daha artıq dərəcədə inanırıq!
Doğrudur, ömür vəfa etmədi, o böyük insan bu günləri görmədi, lakin heç şübhəmiz yox ki, şanlı Ordumuzun möcüzəvi uğurları, Xocalıda, Xankəndidə qutsal bayrağımızın ucaldılması (və əbədi dalğalanacağına sarsılmaz inamla dalğalanması!) onun ruhuna əyandır.
“Bu günləri görmədi” deyirik, ancaq bu günləri görürdü… bu günlərə inam içində çalışır, yaradır-qururdu.
Bu sözlər O böyük şəxsiyyətə aiddir:
“Azərbaycan mənim ürəyimdir,
Azərbaycan mənim nəfəsimdir,
Azərbaycan mənim həyatımdır”!
Ümummilli liderimizi əbədiyyətə qovuşmasının 20-ci ildönümündə dərin sayğılarla anırıq.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Share: