“Onları bu yoldan çəkindirmək üçün Aşura günü qanvermə aksiyası təşkil olunur”

Aşura günü qanvermə aksiyalarının keçirilməsi hər il təşkil edilsə də, bir çox din xadimləri və insanlarımız tərəfindən bu təşəbbüs heç də birmənalı qarşılanmır.
İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov Moderator.az-a açıqlamasında bildirdi ki, İslam dinində Aşura günü qanverməklə bağlı qayda yoxdur, amma ki, insanlarımız başlarını yarıb qan çıxarmaqdansa, elə qanvermə aksiyasında iştirak etsələr daha yaxşıdır:
“İslam dinində qanvermə aksiyası ilə bağlı bir qayda yoxdur. Sadəcə bizim cəmiyyətdə bəzi radikal dindarları ifşa etmək və başlarını yarıb qan çıxaran insanları bu yoldan çəkindirmək üçün Aşura günü qanvermə aksiyası təşkil olunur. Kiminsə başını yarıb qanını tökməkdənsə, elə kiməsə qan verib savab qazanması daha yaxşıdır. Əlbəttə, hamımız bilirik ki, qanvermə aksiyası cəmiyyətimizdə birmənalı qarşılanmır. Buna etiraz edirlər ki, niyə görə biz qan verməliyik? Aksiyanı günahdan çəkindirmək kimi də dəyərləndirmək olar və düşünürəm ki, bu müsbət addımdır. Aşura günü böyük əzəmətli gün olduğu üçün oruc tutmaq və başqa savab işlər görmək olar”

Share: