Ona mane olan “şeytanlar” tezliklə çevrəsindən dəf olacaqlar…

Deyir ki:- “Yəqin ki, hər bir insan həyatında ən azı bir dəfə deyib: “Bəlkə kitab yazım?”. Belə hiss mənim də beynimdən 5-ci sinifdə oxuyanda keçib. Çünki həmin vaxtlar şeir yazmağa başladım və düşünürdüm ki, bu yazdıqlarım elə-belə kağız üzərində qalmayacaq, yəqin nə vaxtsa kitab kimi işıq üzü görəcək.

Ancaq 8-ci sinifi bitirib qonşu kəndə gedəndə şeir dəftərim yoxa çıxdı. Sonra janrı dəyişib nəsrə keçdim. Gördüklərimi, eşitdiklərimi və düşündüklərimi kağıza köçürdüm. Məqalələr yazıb rayon qəzetinə və Azərbaycanda dərc edilən bir çox mətbu orqanlara göndərdim. Çap ediləndə sevincimin həddi-hüdudu olmurdu. Məni oğul kimi saxlayan babam isə adım yazılan o qəzetləri üst-üstə qalaxlayıb kəndə car çəkirdi və “uşaq roman yazır” deyib öyünürdü. Elə o vaxtdan da mənə heç bir iş buyurmurdu, yayda ot çalmağa tək gedirdi, qışda da mal-qoyunu özü yemləyirdi, mənim işim yalnız sobaya odun atmaq, uşaqlarla futbol oynamaq, Göyçə gölünə çimməyə getmək, kitab oxumaq idi…”
Çox prinsipial adamdır. Hər hansı bir işə qərar verdisə, onu dilə tutub fikrindən döndərmək mümkün deyil. Qarşısına qoyduğu məqsədə doğru inadla irəliləyir. Haqqı tapdanan adam görəndə özünü saxlaya bilmir, həqiqətin yanında olmağa çalışır və hökmən münasibət bildirir. Elə bu inadkarlığın nəticəsidir ki, uzun illər üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini(AYB) tərk edib:
“Açığını deyim ki, AYB-yə qəbul olunmağım öz istəyimlə olmayıb. O vaxt, daha doğrusu 2004-cü ildə AzTV-də çalışışarkən Birliyin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu ilə tez-tez telefonla danışırdım, tədbirlərdə iştirak edirdim. Onun təklifi ilə ərizə yazdım, yazıçılar Mövlud Süleymanlı və Məmməd Oruc da hekayələrimlə bağlı müsbət fikir yazmışdılar. Beləcə AYB-nin üzvü oldum. Elə həmin ilin may ayında birliyin qurultayında da iştirak etdim. Yadımdadır, həmin vaxt Anarla yanaşı sədr kimi namizədliyini şair Akif Səməd irəli sürmüşdü. AYB-dən çıxmağım isə yazıçı Şərif Ağayarla bağlı oldu. Belə ki, 2013-cü ilin iyun ayında o, saytların birinə açıqlamasında Fikrət Qocaya qarşı sərt ittihamlar səsləndirmişdi. Sonra bu fikirlərinə görə AYB-nin üzvlüyündən xaric edildi. Bu hadisəyə etiraz əlaməti olaraq mən, Elvin Bakiroğlu, Qismət, Ayxan Eyvaz, Mövlud Mövlud, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Elnaz Eyvazlı AYB-dən istefa verdik.”- söyləyir.
Jurnalist işləmək onun uşaqlıqdan ən böyük arzusu olub. Orta məktəbi bitirəndən sonra bu məqsədlə Bakıya gəlib. Sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə təqdim edəndə götürməyiblər, ona izah ediblər ki, iki il əmək təcrübəsi olmalıdır. Bunun üçün vaxt lazım idi. Necə deyərlər, kəndə əliboş qayıtmamaqdan ötrü məcbur olub sənədlərini Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə verib. Axı rayon olimpiadalarında daim iştirak etdiyindən, hamı onu ən yaxşı oxuyan şagird kimi tanıyırdı. Beş il oranı könülsüz oxuyandan sonra üç il Lənkəranda riyaziyyat müəllimi işləyib…
Deyir ki:- “Həmin vaxt Lənkəranın “Leninçi” qəzetinin ştatdankənar müxbiri oldum. Sonra altı il Türkmənistanın Nebit-Dağ şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışdım, 1988-ci ildə yenidən Bakıya döndüm. İki il Dövlət Neft Şirkətinin “Azneftegeofizika” istehsalat birliyində sistem-proqramçı vəzifəsində işlədim. Və nəhayət 1990-cı ilin dekabr ayından həyatımı mətbuata bağladım, Azərbaycanın müxtəlif qəzetlərində, AzTV, ANS, İnteraz, Türkiyənin NTV kanallarında çalışdım.”
İlk hekayəsi 1988-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub. Daha sonra hekayələri “Azərbaycan”, “Ulduz” və “Azərbaycan təbiəti” jurnallarında, “Yol” qəzetində və digər mətbu orqanlarda işıq üzü görüb…
Haqqında söhbət açdığım Babək Göyüş 1957-ci il iyun ayının 29-da Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndində dünyaya gəlib. 1974-cü ildə Gölkənd məktəbini bitirdikdən sonra təhsilini ali məktəbdə davam etdirib. Hazırda “Bizim.Media” saytında redaktor vəzifəsində çalışır, “Qaraqoyunlu.com” xəbər portalının baş redaktorudur. “Ağ geyimli qadın” hekayələr kitabı 2008-ci ilin noyabrında çap olunub. Kitabda yazıçının 1989-cu ilədək qələmə aldığı on bir hekayəsi toplanıb. Və 2015-ci ildə publisistik yazılarından ibarət “Ədəbiyyat cəbhəsində sakitlikdir” adlı ikinci kitabı işıq üzü görüb. 204 səhifəlik “Yarımçıq ömür” adlı üçüncü kitabı isə 2021-ci ildə “Pergament” nəşriyyatında çapdan çıxıb. Ötən ilin sentyabr ayında daha bir kitabı “Yaşıl qurbağanın çəhrayı daşı” dərc olunub…
“Yeni kitabıma müxtəlif illərdə yazdığım 14 hekayə daxil etmişəm. Onların demək olar ki, hər birində mistika dominantlıq edir. Göründüyü kimi bu kitabın adının özü elə mistikadır. Bu kitab vasitəsilə hansı mesajın verilməsini isə oxuduqdan sonra oxucular biləcəklər. Qoy, sirr olaraq qalsın.”- söyləyir.
Planları çoxdur. Ən başlıca planı isə uzun müddət sağ-salamat yaşamaq və ürəyində illərdir bəslədiyi süjetləri kitablaşdırmaq, eyni zamanda rəhbərlik etdiyi saytların fəaliyyətini yüksək səviyyəyə çatdırmaq, dostlarla münasibəti qoruyub saxlamaqdır…
Deyir ki:- “Dostlarımın siyahısında əsasən yazarlar yer alır. Azad Yazarlar Ocağının rəhbəri, “Alatoran” jurnalının baş redaktoru şair Rasim Qaraca ilə həftədə bir neçə dəfə, yazıçılardan Mövlud Süleymanlı və Şərif Ağayarla isə rastlaşanda ədəbi söhbətlər edirik. Onların hamısı nə yazdığımla, yeni yazılan əsərin süjet xətti ilə maraqlanırlar. Ən maraqlı hömsəhbətim isə Yazıçılar Birliyindən qovulan, 2011-ci il noyabrın 19-da gecə saatlarında küçədə bıçaqlanan, noyabrın 23-də isə Bakının 1 saylı xəstəxanasında vəfat edən yazıçı Rafiq Tağı olub. Yeri gəlmişkən, əlavə edirəm ki, istər jurnalistika, istərsə də ədəbiyyat sahəsində bütün iş yerləri uzun illərdir ki, müəyyən qruplar, müəyyən adamlar tərəfindən işğal edilib. Jurnalistlər və Yazıçılar Birliyində çalışanları, QHT-lərdə külüng çalanları göz önünə gətirin. Eyni simalar, eyni layihələr və eyni mükafatlar…”
Bəli, Babək Göyüş sonda əlavə edib onu da söylədi ki,- “Bizim hazırkı ədəbi mühitimiz “Yaşıl qurbağanın çəhrayı daşı” hekayəmdə çəhrayı daşın üstündə oturan və Qanlı gölün kənarında ölümünü gözləyən Ağarzanın taleyi ilə eynidir. O daşın üstündə oturmaq üçün uzun növbələr yaranıb. Kitabla tanış olduqdan sonra məni daha çox anlayacaqsınız. Kitabımda görüşənədək.”
İyunun 29-u onun növbəti ad günüdür, 66 yaşı tamam olur. “6” rəqəmində qəribə bir mistika var. El arasında ona şeytani rəqəm də deyirlər. Nəzərə alanda ki, insan 666 il ömür sürə bilməz, inanıram ki, 66 yaşlı Babəkə mane olan bütün “şeytanlar” tezliklə çevrəsindən dəf olacaqlar. El arasında deyildiyi kimi,- bu yaşı fəth etməklə “şeyanın qıçını sındırdın”…
Ad günün mübarək, gözəl insan! Çox yaşa!
Elman Eldaroğlu
Share: