Lənkəran mətbuat mühitinin, eləcə də bütövlükdə cənub bölgəsinin tanınmış, prinsipial qələm sahiblərindən biri olan Vaqif Hüseynov (Vaqif İbrahim)
Onun istər “Leninçi” (indiki “Lənkəran”), istərsə də Masallının “Çağırış” qəzetindəki fəaliyyəti təkcə bir jurnalist işi deyil, həm də həqiqətin və ədalətin müdafiəsi missiyası olmuşdur. Dövrün sərt senzurasına və yerli rəhbərliyin təzyiqlərinə baxmayaraq, öz prinsipial mövqeyindən dönməməsi, felyotonları və kəsərli poeziyası ilə xalqın səsini ucaltması onun xatirəsini bu gün də uca tutur. Lənkəranın radio verilişləri redaksiyasındakı sonrakı fəaliyyəti də bölgənin mədəni və ictimai həyatına böyük töhfələr vermişdir.
Hər bir bölgənin tarixində onun ictimai fikrini, mədəniyyətini və mənəvi ucalığını formalaşdıran, dövrün haqsızlıqlarına qarşı sipər olan ziyalıları var. Lənkəran mətbuat mühitinin, bütövlükdə cənub bölgəsinin söz və fikir tarixində silinməz iz qoyan belə simalardan biri də tanınmış jurnalist, publisist və şair Vaqif Hüseynovdur. O, bədii yaradıcılıqda və mətbuatda həm də Vaqif İbrahim təxəllüsü ilə dərin rəğbət qazanmış, ömrünü bütövlükdə sözün namusuna sadiq qalaraq yaşamışdır.
Vaqif Hüseynov 1936-cı ildə füsunkar təbiəti, zəngin mədəniyyəti ilə tanınan cənubun mirvarisi Lənkəranda dünyaya göz açmışdır. Vaqif Hüseynovun uşaqlıq və gənclik illərində çəkdiyi çətinlikləri,onun dəyanətini daha qabarıq şəkildə göz önünə gətirir.Bu ağır sınaqlar onu sındırmadı, əksinə, xarakterini poladlaşdırdı.
Müharibədən geri qayıtmayan ata niskili onun ürəyində daimi bir kök salması, 25 yaşında dünyanı tərk edən,nakam qardaşının yoxluğu isə ona həyatın ən ağır sınaqlarına sinə gərmək gücü verdi. Məhz kökündən, ata nəslindən gələn o,qürur və çəkilən daxili ağrılar birləşərək onu sözünü çəkinmədən, cəsarətlə üzə deyən sarsılmaz bir şəxsiyyətə çevirdi.
Uşaqlıq və gənclik illəri bu qədim yurdun mənəvi mühitində formalaşan Vaqif, kiçik yaşlarından söz sənətinə, ədəbiyyata böyük maraq göstərmişdir. Bu sevgi onu o, dövrün ən mötəbər elm ocaqlarından birinə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə gətirir. Universitet illəri onun təkcə dünyagörüşünü genişləndirmir, həm də gələcək prinsipial bir jurnalist və şair kimi yetişməsində mühüm rol oynayır.
Bu uğurlu başlanğıc gənc Vaqif üçün böyük ədəbiyyat dünyasına açılan bir qapı, gələcək parlaq yaradıcılıq cığırının ilk fundamental addımı olur. Həmin dövrdə respublikanın ən nüfuzlu mətbuat orqanlarından sayılan “Azərbaycan gəncləri” qəzetində çap olunmaq təkcə istedadın təsdiqi deyil, həm də gənc bir müəllif üçün böyük etimad və stimul idi.
Məhz bu ilk şeirlə onun yaradıcılıq mühitindəki yeri müəyyənləşməyə başlayır. Vaqif İbrahim fərqli poetik duyumu, səmimi dili və mövzu rəngarəngliyi ilə tez bir zamanda oxucuların və ədəbi tənqidçilərin diqqətini cəlb edir. 50-ci illərin sonundakı bu debüt, onun sonradan Azərbaycan mətbuatında, eləcə də poeziyasında yaradacağı böyük bir məktəbin əsasını qoyan ilk addım idi.
Bu sətirlərlə başlayan yol onu addım-addım kəsərli qələm sahibinə, prinsipial jurnalistə və cənub bölgəsinin söz-fikir tarixinin unudulmaz simasına çevirdi. Onun “Azərbaycan gəncləri”ndən başlayan yaradıcılıq cığırı, sonradan böyük bir mətbuat və poeziya magistralına çevrilərək ədəbiyyat tariximizə həkk olundu.
Bu uğur gənc şairə böyük ruh yüksəkliyi bəxş etdi.O, bir müddət öz poetik nümunələrini, lirik və fəlsəfi poemalarını oxuculara “Vaqif İbrahim” imzası ilə təqdim edir. Onun poeziyası həm lirik incəliyi, həm də doğma yurda, insani dəyərlərə bağlılığı ilə qısa zamanda seçilməyə başlayır.
Universitet təhsilini başa vurduqdan sonra doğma Lənkərana qayıdan Vaqif Hüseynov, taleyini ömürlük jurnalistikaya bağlayır. 1958–1965-ci illərdə Lənkəran rayonunun rəsmi mətbuat orqanı olan Leninçin (indiki “Lənkəran”) qəzeti redaksiyasında fəaliyyətə başlayır. Az vaxtda bacarığı ilə seçilərək şöbə müdiri və məsul katib vəzifələrinə qədər yüksəlir. Qəzet səhifələrində rayonun ictimai-iqtisadi həyatını, mədəniyyətini dolğun əks etdirən yazıları ilə yerli oxucuların sevimlisinə çevrilir.
Sonralar Masallı rayonunda əyilməz redaktorluq missiyası Vaqif Hüseynovun jurnalist və redaktor kimi fəaliyyətinin ən parlaq, eyni zamanda ən kəşməkəşli dövrü oldu.1965–1977-ci illərdə o, Masallı rayonunda nəşr olunan “Çağırış” qəzetində şöbə müdiri, məsul katib və nəhayət, baş redaktor vəzifəsində çalışır.
Məhz bu illərdə Vaqif müəllimin prinsipial ziyalı mövqeyi, vətəndaşlıq qeyrəti tam çılpaqlığı ilə üzə çıxır. Onun redaktorluğu dövründə “Çağırış” qəzeti sadəcə rəsmi bülleten deyil, xalqın dərdini, problemini işıqlandıran real bir tribuna statusu qazanır.
Prinsipiallıq və haqq səsi Vaqif Hüseynovun qələmindən çıxan sosial yüklü məqalələr, kəsərli felyotonlar və dövrün ədalətsizliklərinə qarşı yazılmış sərt şeirlər rayonda böyük əks-səda doğurur. O, ən müxtəlif sahələrdəki nöqsanları, bürokratik əngəlləri qorxmadan tənqid atəşinə tuturdu.
Təbii ki, bu cür cəsarətli və kəsərli fəaliyyət dövrün sovet idarəçilərini, rayon rəhbərliyini ciddi narahat edirdi. Yerli rəhbərliyin müxtəlif təzyiqlərinə, “gözü kölgəli” olmaq tələblərinə boyun əyməyən ziyalı, öz prinsiplərindən və jurnalist etikasından zərrə qədər də geri çəkilmir. Rayon rəhbərliyi ilə yaranan bu barışmaz ziddiyyət və gərginlik, nəticədə onun 1977-ci ildə “Çağırış” qəzetinin baş redaktorluğundan uzaqlaşdırılması ilə sonunclanır. Lakin bu gediş onun məğlubiyyəti deyil, xalqın gözündə qazandığı uca mənəvi qələbənin təsdiqi idi. Lənkərana qayıdışı və radio dalğalarında davam edən ömür,onu yenidən 1978-ci ildə doğma yurduna Lənkərana qaytarır. Redaktorluq kürsüsündən uzaqlaşdırılsa da, sözdən, mətbuatdan uzaqlaşmaq onun üçün qeyri-mümkün idi. O, ömrünün sonunadək Lənkəran yerli radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışır.
Mikrofon arxasında keçən bu illərdə o, öz doğma cənub bölgəsinin səsini dinləyicilərə çatdırır, radio dalğaları vasitəsilə Lənkəranın zəhmətkeş insanlarını, onun tarixini, mədəniyyətini təbliğ edir. Onun səmimi, məzmunlu və eyni zamanda onun cəsarətli radio verilişləri hər bir ailənin rəğbətini qazanır.
Vaqif Hüseynov (İbrahim) ömrünün sonunadək qələmini bir silaha çevirərək haqqın, ədalətin tərəfində dayanır. O, yaradıcılığında sovet rejiminin gətirdiyi bəzi saxta dəyərlərə qarşı daxili bir etirazla yaşadı və bu etirazı sətiraltı mətndə, felyotonlarında, məqalələrində cəsarətlə büruzə verdi.Bədii və publisistik irsi bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun qələmindən çıxan hər bir sətir, rəhbərlik etdiyi mətbuat orqanlarda işıq üzü görən hər bir məqalə təkcə bir dövrün salnaməsi deyil, həm də gələcək nəsillər üçün əsl ustad dərsləridir.
Vaqif Hüseynov sadəcə faktları reportajlaşdıran bir müxbir deyil, cəmiyyətin nəbzinə bələd olan, insanların ağrı-acısını, bölgənin mədəni və sosial mənzərəsini dərindən hiss edən bir publisist idi. Onun yaradıcılığında Lənkəranın füsunkar təbiəti, insanlarının zəhmətkeşliyi və cənub bölgəsinin zəngin mənəviyyatı böyük bir sevgi ilə tərənnüm olunurdu.
Prinsipiallıq və obyektivlik onun yaradıcılıq kredosu idi. O, sözün qüdrətinə və məsuliyyətinə inanır, yazılarında heç vaxt güzəştə getmirdi. Elə bu kəsərli qələmi və dönməz əqidəsi sayəsindədir ki, Vaqif müəllim həm həmkarlarının, həm də çoxsaylı oxucularının qəlbində silinməz iz qoymuş, özünə əbədi bir ehtiram qazanmışdır. Onun zəngin ədəbi və jurnalistika irsi cənub bölgəsinin bütöv bir mətbuat məktəbidir və bu məktəbin öyrənilməsi bu gün də böyük elmi-fəlsəfi əhəmiyyət kəsb edir.
Bu gün Lənkəran və Masallı mətbuat tarixindən söz açarkən Vaqif İbrahim imzası hər bir jurnalist üçün bir məktəb, bir prinsipiallıq nümunəsi kimi xatırlanır. Sözün düzünü deməkdən qorxmayan, təzyiqlərə əyilməyən bu böyük ziyalının işıqlı xatirəsi cənub bölgəsinin və bütövlükdə Azərbaycan mətbuatının tarixində hər zaman hörmətlə anılacaqdır.
Bu gün Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti, dramatik pafosu və dərin lirizmi ilə iz qoymuş unudulmaz şair və dramaturq Vaqif Hüseynovun 90 illik yubileyini ehtiramla yad edirik.
Cəmi 49 illik bir ömür yaşamasına baxmayaraq, Vaqif müəllim bu qısa zaman kəsiyinə bütöv bir ədəbi irsi, zamansız misraları və səhnəmizi bəzəyən dramatik obrazları sığışdıra bildi. Şairin yaradıcılıq aləmində qazandığı bu uğurların, çətin sınaqlar qarşısında sarsılmamasının arxasında isə onun fədakar ailəsi və ömür-gün yoldaşı Elmira xanım dayanırdı. Elmira xanım özü də bir maarif fədaisi, uzun illər gənc nəslin tərbiyəsi ilə məşğul olan ziyalı bir müəllimə idi. O, yüksək mədəniyyəti, təvazökarlığı və ali əxlaqi keyfiyyətləri ilə ailə ocağını qorumuş, Vaqif müəllimin fırtınalı yaradıcılıq ömrünə mənəvi bir liman olmuşdur.
Məhz belə bir ziyalı ocağın yadigarı olan dörd övladı — Vüsalə, Şəlalə, Xalidə, Sönməz və nəvələri bu gün Vaqif İbrahim irsini böyük məsuliyyətlə yaşadırlar. Şairin ölümündən üç gün sonra dünyaya gələn ilk nəvəsi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsimovanın öz babasının əsərlərinə, şeirlərinə sitat gətirərək çıxış etməsi bu genetik mənəvi bağlılığın ən gözəl nümunəsidir.
Vaqif Hüseynov cismən aramızı tez tərk etsə də, poetik ruhu ilə əbədiyyət qazanan, ömrünü yaradıcılığının uzunluğu ilə ölçən sənətkarlarımızdandır. Onun poeziyası həm elmi bir fəlsəfənin, həm də sonsuz bir insan sevgisinin vəhdətidir.
Bu yubileyin ən gözəl rəmzi və şairin ruhunu şad edən məqam isə odur ki, onun ədəbi irsi bu gün etibarlı əllərdədir. Vaqif Hüseynov yaradıcılığını elmi müstəvidə araşdıran, onun hər sətirinin altındakı dühanı üzə çıxaran qızı, dəyərli tədqiqatçımız Xalidə xanım hazırda bu böyük irsin müdafiəsi ərəfəsindədir. Bir sənətkar üçün öz canından qopan övladının həm də onun yaradıcılıq dünyasının hamisinə, elmi çırağına çevrilməsindən böyük xoşbəxtlik ola bilməz.
Xalidə xanımın bu fədakar elmi fəaliyyəti təkcə bir qızın ata ruhuna vəfası deyil, həm də Azərbaycan ədəbiyyatşünaslığına böyük bir töhfədir. İnanırıq ki, bu müdafiə Vaqif Hüseynov dühasının elmi zirvədə yenidən doğuluşu olacaq.
Böyük sənətkara Allahdan rəhmət diləyir, onun əbədiyaşar xatirəsi qarşısında baş əyirik. Ruhunuz şad olsun, Vaqif müəllim, çünki sözünüz də, adınız da uca zirvələrdədir!
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin
Direktoru Leyla Qadir qızı Məcidova





















