Ömrünü elmə, təhsilə, siyasətə həsr edən alim…

 

İyulun 24-ü Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədlinin 64 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Sabir müəllim 1959-cu ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. 1975-ci ildə Novo-Saratovka kənd orta məktəbini bitirib. 1981-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə başa vurub və bir il ərzində həmin fakültədə elmi tədqiqatçı kimi fəaliyyət göstərib. “Molodyoj Azerbaydjana” (Bakı), “Veçerniy Leninqrad” (Leninqrad), “Ladoqa” (Kirovsk), “Dnepr veçerniy” (Dnepropetrovsk), “Komsomolets Kubani” (Krasnodar) mətbuat orqanlarında sistematik şəkildə müxtəlif materiallarla çıxış edib. 1982–1985-ci ildə Sankt-Peterburq Dövlət Universiteti Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb. 1985-ci ildə “Mətbuat inqlabi strategiya və taktika ugrunda mübarizədə (birinci rus inqilabı illərində)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1991–1999-cu illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasında çalışıb, 1999-cu ildən Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışır. 2016-cı ildə “Azərbaycan mətbuatının inkişaf problemləri beynəlxalq təşkilatların media siyasəti kontekstində” mövzusunda doktorluq dissertsiyası müdafiə edib. Siyasi elmlər doktorudur. “Beynəlxalq jurnalistikanin müasir problemləri”, “Beynəlxalq təcrübədə jurnalistin hüquq və vəzifələri”, “Beynəlxalq jurnalistika və müasir beynəlxalq münasibətlər”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnlərindən dərs deyir. “Beynəlxalq təşkilatların müasir media siyasəti və Azərbaycan mətbuatının inkişaf problemləri” sahəsi üzrə mütəxəssisdir…

Sabir Məmmədli həm də siyasət adamıdır. O, Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olub. 1989-cu ilin axırlarında bir qrup ziyalılarla birlikdə ilk siyasi partiyalardan olan Azərbaycan Xalq Partiyasını qurmuş, onun sədr müavini seçilmişdir. 1991-ci ildə AXP-nin mətbu orqanı olan “Xalq səsi” qəzetinin naşiri və baş redaktoru olmuşdur. 1990-cı ilin noyabr ayından 1991-ci ilin fevral ayınadək Azərbaycan Xalq Partiyası və 27 may 1989-cu ildə Azər Qasımzadə tərəfindən təsis olunmuş Azərbaycan Dirçəliş Partiyası vahid partiya- Azərbaycan Xalq Dirçəliş Partiyası adı altında birləşdi.
1992-ci ildə Vətənin ağır günlərində ali məktəb tələbələrindən ibarət könüllülər dəstəsi yaradıb və Qarabağ müharibəsində fəal iştirak edib. Müdafiə Nazirliyinin Gədəbəy-Tovuz bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub. Məşhur “Başkənd əməliyyatı”nın təşkilatçılarından və rəhbərlərindən biridir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında humanitar siyasət söbəsinin müdiri və Nazirlər Kabinetində təhsil, səhiyyə və sosial problemlər şöbəsinin müdiri vəzifələrində çalışıb.Hazırda Musavat Partiyasının Məclis üzvüdür…

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Share: