Ölümsüz sevgili – Lüdviq van Bethovenin sevgi məktubları

Kulis.az Bethovenin sevgi məktublarını təqdim edir.

Bir əsrdən artıqdır ki, Bethoven sevənlər “Ölümsüz sevgili”yə qızğın ehtirasla yazılmış 10 səhifəlik təsirli məktubların kimə ünvanlandığını axtarırlar. Bu məktublar Bethovenin ölümündən sonra onun kağızları arasında tapılmışdır. Bethovenin ən yaxın dostu və bioqrafı Anton Şindler bu məktubların qrafinya Culietta Qviççardiyə ünvanlana biləcəyini vurğulamışdır. Bəlkə də ona görə ki, məktubların yanında qrafinyanın şəkli də tapılmışdır. Bundan əlavə, ünvanın izinə düşmək üçün Şindler Bethovenin tez-tez qonaq olduğu Teplits və Vyana arasında yerləşən “Şvan” hotelinə gəlir. Hotelin sahibəsi dəqiq ilini qeyd etməsə də, Şindlerə qonaqların siyahısını və bu siyahıda “A”,” J”, “G”və ya “B” hərfi ilə başlayan bir cox qadına istiqamətlənə bilən imzaları göstərir. Lakin yenə müəmmalar meydana çıxır.

Teodor fon Frimmel həmin məktubların müğənni Maqdalena Vildmanna, amerikalı tədqiqatçı Aleksandr Velok Teyer Tereze fon Brunsvikə və ya Jozefineyə, digər tədqiqatçılar isə Bettina Brentanoya, Tereze Malfattiyə və müğənni Amali Zebalda yazıldığını güman etmişlər. Lakin bütün bu fərziyyələr zaman-zaman əsassız hesab olunmuşdur.

İsrailli müəllif Ziqmund Kasnelson 1954-cü ildə yazdığı əsərində Bethovenin bu sevgilisinin Deymin ilk qrafinyası, sonralar Ştakelberqin baronessası olmuş Jozefina fon Brunsvik olduğunu, hətta Bethovenin baronessanın son övladının atası olduğunu iddia edir. 1957-ci ildə Bethoven arxivinin və Bethoven evinin direktoru Jozef Şmidt Qörq Bethovenin Jozefina fon Brunsvikə yazdığı 13 naməlum məktubu nəşr edib Kasnelsonun “kəşf”inin etibarsız olduğunu bəyan etmişdir. Beləliklə, bu günə kimi Bethovenin aşağıda tərcüməsini verdiyimiz “Ölümsüz sevgili”yə yazılan məktublarının kimə ünvanlandığı naməlum olaraq qalır.

“Ölümsüz sevgili”yə məktub

6 iyul – səhər çağı.

Mənim mələyim, mənim hər şeyim, mənim özüm. Bu gün yalnız bir neçə söz yazacağam, özü də karandaşla (sənin karandaşınla) – yalnız səhərdən təzə mənzil axtarmalıyam (1), indi bu, necə də yersizdir. Nə üçün bu dərin kədər zəruriyyət olanda danışır. Bizim məhəbbətimiz başqa cür ola bilərdi, qurbansız, heç nədən məhrum olmadan, bəlkə sən elə edə bilərsən ki, sən tamamilə mənim, mən sənin olum. Aman Allah! Gözəl təbiətə bax, ruhunu sakitləşdir, sevgi hər şeyi tələb edir və tamamilə haqlıdır, belə ki, mənə səninlə, sənə mənimlə yaxşıdır. Sən çox tez unudursan ki, mən ikimiz üçün həm sənin üçün, həm də özüm üçün yaşamalıyam, əgər biz tamamilə birləşə bilsəydik, sən məndən daha az əzab çəkərdin. (2) Mənim səyahətim dəhşətli idi. Mən dünən səhər 4-də bura çatdım. Atlar az olduğu üçün, poçt başqa səyahət yolu seçdi (3), amma necə dəhşətli yol idi, sonuncu stansiyadan əvvəl mənə gecə vaxtı getməməyi xəbərdarlıq etdilər, meşədə baş verə biləcək təhlükələr haqqında danışdılar, bu, məni yalnız qıcıqlandırırdı, amma mən haqlı deyildim: bu dəhşətli yolda, çilpaq torpaq yolda karet sınmalıydı (4), əgər bu 2 poçtalyon olmasaydı, yolun ortasında qalardım.

Mənim 4 atlı arabada başıma gələn hadisələr 8 atla digər adi yolla gelən Esterhazinin (5) də başına gəlmişdir, lakin mən həmişəki kimi maneələri aradan qaldırıb bundan bir az həzz aldım, bu söhbətdən keçək, biz yəqin ki, tezliklə görüşəcəyik, bu gün də mən həyatıma aid etdiyim qeydləri sənə deyə bilmirəm. Ürəklərimiz bir vursaydı, mən bu qeydləri etməzdim, qəlbim sənə demək istədiklərimlə doludur. Ah, elə anlar olur ki, mənə elə gəlir, dil çox gücsüz olur. Sevin, fərəhlən – mən sənin olduğum kimi, sən də mənim yeganə sadiq sevgilim olaraq qal, bundan başqa bizim üçün nə olacaq və nə olmalıdırsa, Allah bizə qismət edəcək.

Sənin sadiq Lüdviqin

6 iyul – bazar ertəsi, axşam.

Sən, mənim qiymətli varlığım, əzab çəkirsən – yalnız indi mən başa düşdüm ki, bütün məktublar səhər tezdən təhvil verilməlidir. Yalnız iki gün – bazar ertəsi və çümə axşamı poçt burdan K.- ya gedir. (6) Sən əzab çəkirsən ki, mən indi hardayam, sən yanımda olsaydın, səninlə şöhbət edərdim, elə edərdim ki, səninlə birlikdə yaşaya bilim, nə gözəl həyat olardı. Sənsiz hər yerdə insanların yaxşılığı məni təqib edir, düşünürəm ki, onlar bunu qazandıqlarından daha az qazanmaq istəyirlər. İnsanın insana olan itaəti məni ağrıdır. Mən kainat kontekstində özümə baxanda ki, mən nəyəm və özlərini böyük adlandıranlar kimdirlər və burada yenə də yenidən insanın ilahiliyi meydana gəlir. (7) Mən düşünəndə ki, sən yalnız şənbə günü məndən olan bu xəbəri ala biləcəksən, ağlayıram, çünki sən məni sevirsən, amma mən səni daha çox sevirəm, mən bunu gizlətmək istəmirəm, gecən xeyrə qalsın, Badender olaraq mən çimən kimi yatmağa getməliyəm (8) (gedək mənimlə, gedək mənimlə). Aman Allah, – bu qədər yaxın! Bu qədər uzaq! Bu, bizim sevgimizin qübbəsi deyilmi, həm də çox möhkəm, göy qübbəsi kimi.

7 iyulda sabahın xeyir.

Artıq çarpayıdaykən fikirlərim sənə doğru uçur, mənim ölməz sevgilim. Taleyin, əgər o bizi eşidirsə, bizə qurduğu oyunları gözləyə-gözləyə gah sevinirəm, gah kədərlənirəm. Mən yalnız səninlə birlikdə yaşaya bilərəm, başqa cür yaşaya bilmərəm, bəli, mən qərara gəlmişəm ki, səndən uzaqda gəzim-dolanım, sənin qolların arasına atıla bilənə qədər, səni tam özümünkü hiss edənə qədər… Sən mənim ruhumu alıb ruhlar aləminə göndərə bilərsən, təəssüf ki, bu olmalıdır, sən buna razılaşmalısan, çünki sən mənim sənə olan sədaqətimin azalmadığına şübhə etmirsən, səndən başqa heç kim mənim qəlbimə hakim ola bilməz, heç kim, heç kim. Aman Allah, sevənlər niyə bir-birindən bu qədər uzaqlaşmalıdırlar, bu mənim Vyanadakı həyatımdır, indiki kimi acınacaqlı bir həyat. Sənin sevgin məni həm xoşbəxt, həm də bədbəxt edir. Ömrümün bu çağında həyatın yeniləşməsinə ehtiyacım var. Bu, bizim münasibətlərimizə təsir edə bilərmi? Mələyim, indi öyrəndim ki, poçt hər gün yola düşür, sən bu məktubu tezliklə alasan deyə, mən onu bitirməliyəm, rahat ol, yalnız sakitliklə biz öz varlığımızı nəzərdən keçirib birlikdə yaşamaq üçün məqsədimizə çata bilərik, sakit ol, bu gün də, sabah da məni sev, mənim həyatım, mənim hər şeyim, göz yaşları içində səni, səni, səni görmək üçün necə də həsrət çəkirəm, əlvida, məni sev, sevgilin L.-in sadiq qəlbinə şübhə etmədən sev…

Əbədi sənin,

əbədi mənim,

əbədi bizim…

İzahlar:

1. Məktub yazılan tarixdə Bethovenin daimi evi yox idi. O, əvvəlcə “Qızıl günəşə doğru” qonaq evində yaşayır, növbəti gün (7 iyulda) o, “Palıda doğru” qonaq evinə köcür. Yalnız bundan sonra adını qeydiyyatdan keçirdir (Hər bir səyyah qaldığı yerdə xaricilərin siyahısında qeyd olunmalıydı; Teplitsdə bu bildiriş protokolu idi).

2. Bu hissədə Bethoven qadağan olunmuş məhəbbətin özü ilə gətirdiyi hiss və problemlərdən bəhs edir. Öz sevgilisinin yanında ola bilməməsinin ona hansı əzabları gətirəcəyini düşünür. Eyni zamanda, o özündən soruşur ki, bu sevgisindən əl çəkməlidirmi və bu imtina onun hissləri üçün nə məna ehtiva edəcək.

3. Bethovenin Praqadan yola düşməsi Praqanın Baş Poçt idarəsi qəzetinin 4.7.1812-ci il tarixli nömrəsində verilmişdir. 5.07.1812 ci il tarixdə Teplitsə gəlib çatması Teplits Bildiriş protokolu ilə təsdiqlənmişdir. Güman ki, Bethovenin “digər səyahət yolları” dolanbac yollardan keçir. Adi yollar üçün karetin qarşısında 8 at tələb olunur.

4. Bəzən yollar xarab olanda karetlər korlanır. Məsələn, bu təkərin mili sınanda baş verirdi. Karetin məhvəri sınırdı. Biz bilmirik ki, Bethovenin karetində nə sınıb. Hər halda, o, karetin sınmış hissəsi düzəldilənə qədər gözləməliydi.

5. Knyaz Paul Anton III Esterhazi (1786-1866), Drezdendə, Sakson sarayında Avstriya elçisi.

6. O vaxtlar poçt bir şəhərdən başqa şəhərə karetlə göndərilirdi, bu, uzun müddət tələb edirdi. Karet yalnız müəyyən olunmuş günlərdə yola düşürdü. Əgər kimsə karetə gecikirdisə, yalnız 3 və ya 4 gün sonra yenidən öz məktubunu göndərə bilərdi. K. -lə yəqin ki, Karlsbad nəzərdə tutulurdu. Növbəti gün Bethoven xoşbəxtcəsinə xəbər verir ki, bu an (yay fəslində) hər gün poçt kareti yola düşür.

7. Bethoven burada çox fəlsəfi görünür. Ətrafındkı insanların ona olan səmimiliyi onu əsəbiləşdirir. O, güman edir ki, onların ona rəhmi gəlir, çünki o artıq eşitmirdi və xəstə idi. Bethoven düşünür ki, o, bu acımaya haqq etmir. Bundan başqa, bu, bir də ona xatırladır ki, vəziyyəti yaxşı deyil. Bethoven özünü Allahla və kainatla müqayisə edir və düşünür: mən nə qədər cılız və mənasızam. Amma elə bir hiss var ki, o az da olsa, insanı Allah kimi böyük edir.

8. Badender deyiləndə burada kurortda dincələn pasiyent nəzərdə tutulur. Bethoven xəstəliyini və eşitmə problemini müalicə etmək üçün Teplitsə kurorta gedirdi. Buna görə də Bethoven vaxtında yatmalıydı.

Alman dilindən çevirdi: Xanım Zairova

Share: