Od çərşənbəsi Lənkəranda elliklə qeyd edilib…

 

 

İlaxır çərşənbələrin ikincisi, el arasında üskü çərşənbə, addı çərşənbə adlandırılan od çərşənbəsinin gəlişi Lənkəranda bütün təmtərağı ilə, elliklə  qeyd edilib.

Şəhərin vağzalyanı meydanında Novruzun rəmzləri olan Kosa ilə Keçəlin qaladığı  tonqalın işığına, istisinə bütün Lənkəran  yığışıb. El adətincə qalanan ocağın işığında oxunan nəğmələr, keçəllə kosanın zarafatları, şux rəqslər  mərasimə əsl şadlıq, bahar ovqatı qatıb.

İlaxır çərşənbələrin elliklə qarşılanması xalqın birliyini, doğmalığını əks etdirir. Bahar – bayram sevincini birgə bölüşmək  istəyi isə  əski inancların gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.

Şəhər sakinləri bahar – bayram ovqatlarını bizimlə də bölüşüblər.

Ömrünün 85–ci baharını yaşayan  Lənkəran Rayon Ağsaqqallar Şurasının Sədr   müavini Sərhad Məmmədov  bildirib  ki, Novruz  çərşənbələri  baharın gəlişini müjdələyir. “Oddur, sudur, küləkdir, torpaqdır – bunlar birlikdə təbiəti canlandırır.”

Şəhər sakini  Nuranə İbrahimovanın fikrincə,    çərşənbə axşamlarından ən müqəddəsi od çərşənbəsidir: “Çox sevinirəm, Allaha şükürlər edirəm ki, növbəti bayram tonqalını görmək bizə qismət oldu. Bütün ailələrə ruzi-bərəkət bolluq sevinc arzu edirəm. Ocaqlarınız gur yansın, bolluq, bərəkət, sülh olsun  deyirəm!”.

Bayram iştirakçılarının cəngi sədaları altında xalqın birliyinin rəmzi kimi əl-ələ verib yallı getməsi bayrama həm əlvanlıq,  həm möhtəşəmlik qatdı.

Tədbirə qatılan  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  rayon sakinləri ilə  bayramlaşaraq   onlara ən xoş bayram arzularını  çatdırıb, bütün ailələrə  sevinc-səadət, yurdumuza sülh və əmin-amanlıq,süfrələrə ruzi və bərəkət arzulayıb.Bildirib ki, Novruz  süfrəsi üçün lazım olan bütün növ ərzaqlar bayram gününə kimi davam edəcək yarmarkalarda ucuz və sərfəli qiymətlərlə satışa çıxarılıacaq.

Qeyd edək ki, od şərşənbəsini elliklə qarşılamaq adəti Lənkəranda illərdir ki, davam edir.

Esmira İsmayılova-Lənkəran.

 

Share: