O xanımın başına gətirilən müsibətlər…

Bizdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi var. Özü də Azərbaycan Respublikasının Baş prokuroru yanında.

Mən bir Azərbaycan vətəndaşı olaraq respublikamızda bu idarənin olmasından fəxr duyuram. Və elə duyduğum o fəxarət hissi ilə əminəm ki, məhz bu idarənin olmasına görə ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilməsə də, mütləq azalacaq. Necə ki, bu kökü kəsilmə istiqamətində atılan addımların sonucu olaraq azalmanın şahidi oluruq.

Dənizlər mürəkkəb, ağaclar qələm olsa, yazmaqla qurtarmaz, danışmaqla nöqtəsi qoyulmaz qədər neqativ hallar aradan qaldırılıb. Neçə-neçə rüşvətxor və korrupsioner bələdiyyə işçisi, ali və orta ixtisas məktəblərinin, eləcə də liseylərin müəllimləri, MİS rəislərinin ifşa olunmasının, bağça müdirələrinin cinayət başında yaxalanmasının şahidi olmuşuq. Niyə? Ona görə ki, bu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaşı çox olmasa da, yanında, yəni tərkibində fəaliyyət göstərdiyi Respublika Baş Prokurorluğunun təcrübəsindən bəhrələnə bilib, bilir və biləcək.  Təkrar biliyin anası, ana isə bütün insanların alisidir. Həm də cənnətin də məhz anaların ayağının altında olmasını nəzərə alıb əminliklə deyirəm ki, bu idarə ölkədə baş verən və baş verməkdə olan korrupsiyanın tamam kökünü kəsməsə də, kifayət qədər azaldacaq. Ona görə ki, Respublika Baş prokurorunun yanında yerləşir və işlərini səmərəli qura bilir.

Bu yaxınlarda Yutubdakı bir videoda bir xanımın başına gətirilən müsibətlərin şahidi oldum. Videoda Ülviyyə Abdullayeva adlı zərərçəkən xanım illərdir başına gətirilən müsibətlərdən bəhs edir, danışırdı. Diqqətlə baxıb görürsən ki, bu xanımın başına gətirilən müsibətlərin əsas memarı elə onun özüdür. Hadisənin necə, niyə, nə vaxt baş verdiyini demirəm və hadisədə adı çəkilən fiqurların da adını çəkmək istəmirəm. Deyərəm və bəzi adamlar nə demək istədiyimi ANAR, hadisələrə ÇIRAQ tutar və OVa çıxıb, əsl günahkarların heç də bir yox, bir neçə nəfər olduğunu
bilərlər.

Bildiyim və sevindiyim odur ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səyi nəticəsində ölkəmizdə korrupsioner ünsürlər tamamilə yox olmasa da azalacaq. Bəs korrupsioner ünsür dediklərimiz kimlərdir? Bunları mən deməsəm də, çoxu yaxşı bilir. Əslində, bizim Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları işlərini çox yaxşı qurublar. Bəlanı hələ hüceyrə şəklində olanda məhv etmək gərəkdir. Ki, bu məktəb direktorları, kənd icra nümayəndələri, MİS sədrləri, uzaqbaşı Ali məktəbin hansısa kafedrasına rəhbərlik edənlər, “sabez” işçiləri böyüyüb yep-yekə korrupsioner olmasınlar. Niyə? Niyəsini ona görə demirəm ki, bu yazını oxuya biləsiniz…

O adamlar yuxarıda adını çəkdiyim xanımın başına sözün bütün mənalarında oyun açıblar. O adamları çoxdan tanıyıram, bilirəm ki, o adamlara batmaq, onlardan haqqını tələb etmək istəyi, insanın könüllü olaraq bataqlığa batmağa həvəs göstərməsi deməkdir.

Soruşmaq istəyirəm, mənim üçün çox maraqlıdır, görəsən, köməksiz qadının bir milyona yaxın qiyməti olan əmlakını əlindən alıb onu necə yemək olur, həmin kimsəsiz qadının başına yüz oyun açıb xəstə ailəsi, atası, balası ilə borcun içində boğmaqdan hansı həzzi almaq olur? Xanımın ağlı indi başına gəlib, mənimlə söhbətində deyir ki, günahımı indi başa düşmüşəm. Bu dələduzlarla görüşməkdən, ora-bura rüşvət paylamaqdan yoruldum, axır ki, düzgün qərar qəbul etdim, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevlə görüşdüm. Baş prokurorun müavini Rüstəm Usubov da dərdimdən halidir, deyəsən, haqq öz yerini tapacaq…

Əlbəttə mən bir qədər fərqli qələmə alıram onun dediklərini

Mən də inanmaq istəyirəm. Nə olsun ki, o xanımdan bəzi səsli, görüntülü faktları alıb sındırıblar, məhv ediblər, düşünməyiblər ki, bu təkzibolunmaz faktların bir neçə surəti ola bilər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi qolunu çırmalayıb. Görək nə olur… Yəqin ki, nazilmiş haqq üzülməyəcək…

Faiq Balabəyli

 

Share: