Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi şuranın iclası keçirildi -FOTO

 

 

Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildə  növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, Türkiyədən Sərhat Kabaklı, İmdat Avşar, Bəxtiyar Aslan, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də iştirak ediblər.

Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra akademik İsa Həbibbəyli Azərbaycanla ədəbi-mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə görə qonaqların İnstitut tərəfindən mükafatlandırıldığını bildirib. 50 ilə yaxın fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin işlərinə və “Türk ədəbiyyatı” dərgisinin Azərbaycanla bağlı nəşr tarixinə nəzər salıb. Sovet dövründə Əhməd Kabaklının, müstəqillik dövründə Sərhat Kabaklının rəhbərliyi ilə dərginin Azərbaycanla əlaqələrinin daha da genişləndiyini bildirib. Akademik bu dərgini Azərbaycan ağırlıqlı Türkiyə jurnalı adlandırıb. Dərginin Azərbaycan Yazıçılar Birliyi, “525-ci qəzet” və Ədəbiyyat İnstitutu ilə tarixi əməkdaşlığının uğurlu nəticələrindən söz açıb. O əlavə edib ki, “biz Sərhat Kabaklının şeirləri, İmdat Avşarın bədii əsərləri və tərcümələri, Bəxtiyar Aslanın hekayələri ilə yaxından tanışıq. “Nizami ili”ndə “Türk ədəbiyyatı” dərgisinin bir sayının Nizami Gəncəviyə həsr edilməsini və onun Azərbaycan şairi kimi tanıdılmasına töhfə verməklərini xahiş edirik. Təltif edilənlərin hər biri haqqında institutumuzun jurnallarında məqalə çap ediləcək”.

Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlərə görə Sərhat Kabaklı və İmdat Avşar “Ədəbiyyat İnstitutunun Fəxri dostu” adına layiq görülüb. Bəxtiyar Aslan isə ədəbiyyat sahəsindəki xidmətlərinə görə “İlin alimi – 2020” seçilib.

Fəxri qonaqlardan AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də təbriklərə qoşulub. Sərhat Kabaklı, İmdat Avşar və Bəxtiyar Aslan kimi şəxslərə verilən bu qiyməti əsl vəfa borcu hesab etdiyini bildirib. 2 il öncə Bakıda Türk Ədəbiyyatı Vəqfinə həsr edilmiş böyük tədbir keçirildiyini xatırladıb. Digər fəxri qonaqlardandan Pərvin və Şəhanə Müşviq də Türkiyəli ziyalıların Ədəbiyyat İnstitutu tərəfindən qiymətləndirilməsinin çox əhəmiyyətli hadisə olduğunu bildiriblər. Həmçinin institutun alimlərindən Şirindil Alışanlı və İmamverdi Həmidov da bu cür əlaqələrin daha böyük töhfələr verəcəyini vurğulayıblar.

Qonaqlar göstərilən böyük etimada görə minnətdarlıqlarını bildiriblər. Sərhat Kabaklı çıxışında Azərbaycan ədəbiyyatını ədəbiyyatın başkəndi, Bakını isə türk ədəbiyyatının başkəndi adlandırıb. “Biz Füzuliyə, “Koroğlu”ya, “Leyli və Məcnun”a sahib çıxırıqsa, azərbaycanlı olduqları üçün sahib çıxırıq. Azərbaycan eşqi bizim uşaqlıq eşqimizdir. Biz  “Türk ədəbiyyatı” dərgisinin bir sayını Nizami Gəncəviyə həsr edəcəyik” – deyə vəqfin başqanı təşəkkürlərini çatdırıb.

Bəxtiyar Aslan çıxışında deyib ki, “bəzi ödüllər ona layiq olanlara verilir, bəzi ödüllər isə verildikdən sonra daha böyük işlər görməyə həvəsləndirir. Mən də bu ödülü alandan sonra gördüyüm işlərin əhatə dairəsini daha da genişləndirəcəyəm”.

İmdat Avşar Azərbaycanı qazandığı zəfər münsibətilə təbrik edib. “Biz elm adamları olaraq səngərdə qazanılan uğurları qələmlə daha da möhkəmləndirəcəyik. Bizim uşaqlıqdan Turan sevdamız vardı. Turana gedən yolun Bakıdan keçəcəyini düşünürdük. Artıq Bakı ilə sıx əlaqələrimiz qurulub. Bunun tarixi 2007-ci ildən İğdır-Naxçıvan-Bakı əlaqələrindən başlayıb” – deyə fikirlərini çatdırıb.

Sonra Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı 80 illik yubileyi və filologiya üzrə fəlsəfə doktoru, dosent Solmaz Həyatova 70 illik yubileyi ilə əlaqədar olaraq təbrik edilib və “Fəxri fərmanla” təltif olunublar.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli gündəlikdəki digər elmi-təşkilati, çap, müsabiqə məsələləri və s.  haqqında məlumat verib.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

 İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

 

 

Sin descripción disponible.

 

Sin descripción disponible.

Share: