“Nisgildən zəmi bəslədim Nə ilə biçim, bilmirəm…”-Xatirə Fərəclinin şeirləri…

Müstəqil.Az   “Zərif qadın” ədəbi məclisinin sədri,şair Xatirə Fərəclinin yeni şeirlərini təqdim edir:

 

O görüş bambaşqa
 
Biz bir qala qurduq bir eşqə o gün,
Xatirəsi gözəl, xəyalı gözəl,
Çiyələk qoxulu,
çiçək qoxulu
O görüş bambaşqa, o görüş özəl.
 
Müsafir tək gələn bir ovuc istək,
Dünyaya bəs etdi, bəzədi o gün.
Şeh güzgülü çəmən güzgülənirdi,
Dünya təmiz idi, təzəydi o gün.
 
Təbiət də heyran olmuşdu elə,
Vermişdi özünü şehə, yağışa.
Gah duman seyrlə hey gəzinirdi,
Gah günəş çıxırdı etsin tamaşa.
 
Hərdənbir su səpib uğurlayırdı
Biganə qalmayan topa buludlar.
Elə bil duymuşdu belə sevgilər
Bir ömür yol gəlib bənd-bərə adlar.
 
Biz bir qala qurduq bir eşqə o gün,
Xatirəsi gözəl, xəyalı gözəl,
Çiyələk qoxulu,
çiçək qoxulu
O görüş bambaşqa, o görüş özəl.
 
Göylərdən gəlmişdi
 
Demişdim soyutma özündən məni,
Hədər deməmişdim,
hədə deyildi.
Bir yolda ki, yoldaşın eşq olarsa,
Fərq etməz yolçuluq an, ya yüz ildir.
 
Mən ürək quluyam, mən ruh adamı,
Mən bu eşqi arzum kimi yaşadım.
Tam təslim olmuşdum duyğularıma,
Ürəklə, istəklə mən baş-başaydım.
 
Dünyama gün kimi doğmuşdu bu eşq,
Göylərdən gəlmişdi bu hiss, bu istək.
Ürək olan yerdə hər şey səadət
Pərvanə olardın bu eşqə gərək.
 
 
Boşluq qoparır bağrımı
 
Darıxıram dəli kimi
Kiminçün, neyçün, bilmirəm.
Belə darıxmağın hara
Calayım ucun, bilmirəm.
 
Qəlbim hönkürtü eşqində,
Sanki çağa beşiyində.
Öz evimdə-eşiyimdə,
Uçulur içim, bilmirəm.
 
Ha çalışdım ki, gizlədim,
Bilmədən çox əzizlədim.
Nisgildən zəmi bəslədim
Nə ilə biçim, bilmirəm.
 
Bir hiss var, yarır bağrımı,
Sarılıb, sarır bağrımı.
Boşluq qoparır bağrımı
Bu hiss nə biçim, bilmirəm.
 
 
 
Şeirlərim
 
Sətir-sətir məni satan,
dünyaya yadlığımın sübutu,
hisslərimin fotoşəklidir,
yaşadığım andır şeirlərim.
Heç bir aparatın,
rəssamın çəkə bilmədiyi
bir məqamdır şeirlərim.
Ağrı-ağrı,
sevinc-sevinc daddığım,
doğram-doğram udduğum.
bağrımın başında yaranan,
içimi tərpədib gələn
candır şeirlərim.
Xoş ovqatım, tünd əhvalım,
tərki-dünyalıq halım.
Zəifliyim, özgüvənim,
gizlinim, aşkarım,
ömrümə-günümə güzgüdür,
sonralara
yaşatmağa gümandır şeirlərim.
Müstəqil.Az
Share: