“Neftçi” 8 nəfərlə “Qarabağ”a qalib gəldi və liderliyə yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun mərkəzi qarşılaşması keçirilib.

Müstəqil.Az bildirir ki, turun ikinci matçında “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:2. İlk topu 28-ci dəqiqədə Namiq Ələsgərov vurub. Fasilədən sonra 58-ci dəqiqədə “Qarabağ” Mahir Əmrəlinin zərbəsi ilə  hesaba tarazlıq gətirib. Görüşün 75-ci dəqiqəsində qonaqlar yenidən hesabda önə keçiblər. Oyunun baş hakimi Elçin Məsiyevin təyin etdiyi penaltini Namiq Ələsgərov dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdləri olsa da hesab dəyişilməyib.

Qeyd edək ki, “Neftçi”nin heyətində görüşün 22-ci dəqiqəsində Ömər Buludov, 74-cü dəqiqəsində isə Mamadu Kane meydandan qovulub. Ağdamlıların heyətində 72-ci dəqiqə Kevin Medina komandasını azlıqda qoyub. Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə “ağ-qaralar” meydan 8 nəfərlə qalıblar. Voislav Stankoviç ikinci sarı vərəqəni görərək meydanı tərk edib…

Bu qələbə sayəsində “Neftçi” xalını 29-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” isə 27 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu günün digər matçında “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gəlib. Həmin görüş sumqayıtlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura fevralın 14-də “Qəbələ” – “Keşlə”, “Zirə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

**09:21

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) XV tura start veriləcək.

Müstəqil.Az bildirir ki, günün ilk matçı Sumqayıtda gerçəkləşəcək.

Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. Paytaxt klubu 14 oyundan sonra 13 xalla 6-8-ci yerləri bölüşdürür. “Sumqayıt” isə 19 xalla 4-cü pillədə qərarlaşıb.

Günün əsas qarşılaşmasında son ölkə çempionu “Qarabağ” ən yaxın izləyicisi olan “Neftçi”ni qəbul edəcək.

Xatırladaq ki, Ağdam klubu 29 xalla liderdir, “Neftçi” isə rəqibindən 2 xal geri qalır.

Müstəqil.Az

Share: