“Neçə oyundur ki, penaltilərimizi vermirlər”

“Üzücü məğlubiyyət oldu. Futbolçular meydanda çox əziyyət çəkdi. Birinci yarıda lazım olan epizodda diqqətsizlik etdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” ilə oyundan sonra deyib.

Mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib: “İkinci hissədə oyunu bərabərləşdirdik, üstünlük də bizdə idi. Amma yenə də standart vəziyyətdən qol buraxdıq. Halbuki qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Artıq neçə oyundur ki, penaltilərimizi vermirlər, xırda cərimələrə baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik”.

Abbasov ilk dövrəni belə dəyərləndirib: “9 tur ərzində 11 xal qazandıq. Çox da ola bilərdi. Demək ki, ikinci yarı daha çətin keçəcək. Ağır qrafikə girəcəyik. Komandama inanıram. Fasilədən istifadən edib yaxşı hazırlaşmaq lazımdır. Zədəlilərimiz də var idi”.


Share: