Necə gözəl soyumusan, əzizim – Aysel SƏFƏRLİ

İÇİRƏM QURTUM-QURTUM..

Həsrəti tünd dəmlədim,
İçirəm qurtum-qurtum.
Bir dilim xatirə aldım
Yanına
Qoymuşam ki,
Şirinlik
Qatım acı çayıma..
Ömrün tərəzəsində,
Çəkdim göz yaşlarımı,
Hər damlası bir qırpım..
Baha gəlir
Ruhumun
Ödəməlik payına..
Ocaqdakı
Dibi yanmış ümidi
Kimə yedirim axı/?
Sənin baxışlarında
Dilimlənir həsrətim.
Bitmir sənsiz
Keçmir vaxt,
Beləcə dolanıram
Zamanın başına
Dərdi sol qoluma taxıb.
Yenə kədər doluyam,
Yenə çəkimdə artım.
Pozub dietimi,
Həsrətindən süzüb,
İçirəm qurtum-qurtum….

****

Yanan qəlbin kül üfürən dumanı,
Damağında sümürübdür dünyamı.
Bax beləcə ağladırsan anamı,
Soyumusan, soyumusan, əzizim.

Kor qalıbdır ümidin eşq çırağı,
Çox sevirəm daha şaxta, sazağı.
Qollarında buz götürüb qucağın,
Soyumusan, soyumusan, əzizim.

Dolu, yağış döyəclədi gözümü,
Öyrənirəm şaxtalara dözümü.
Əllərimə yaxın gətir buzunu,
Soyumusan, soyumusan, əzizim.

Unudulub soyuduqca, çay kimi
Buza dönür, acılaşır eşq dəmi.
Toxunduqca buzladırsan sinəmi,
Soyumusan, soyumusan, əzizim.

Çırpıldıqca,əzildikcə bu ürək,
Buz dağına sığınmışam liman tək.
Soyuqluğun buz rəsmini çəkərək,
Necə gözəl soyumusan, əzizim.

Share: