Nazirlik düşünməlidir ki, əlillər bu müddətdə necə dolancaqlar? (ŞƏRH)

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlər dayandığı halda və əlilliklə bağlı araşdırmalar uzun vaxt apardığından əlil vətəndaşların necə dolanmasına aydınlıq gətirməlidir”.

Müstəqil.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli deyib. Ekspert hesab edir ki, ölkədə sosial siyasət kökündən dəyişdirilməlidir:
“Əlilliyin təyin olunması ilə bağlı həmişə problemlər olub və bu gün də davam edir. Bunun köklü səbəbləri var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində olan qurumlar, tibbi komissiyalar və digərləri bilirlər ki, kifayət qədər saxta əlillik mövcuddur. Ədalət naminə qeyd edək ki, saxta əlilliklə mübarizə vacibdir və bunu davam etdirmək lazımdır. Mübarizəni aparmaqla yanaşı, eyni zamanda bunun səbəbləri aradan qaldırılmalıdır. Çünki əksər vətəndaşlarımız həm bölgələrdə, həm şəhərlərdə gündəlik keçinmək haqqının müxtəlif müavinətlər əlçatan olmadığı üçün Azərbaycanda mövcud statistikaya görə işsizlik faizi pandemiyaya qədər təqribən 5% idisə, indi bu rəqəm 7, 2%-dir. Belə rəqəmlərə əslində iqtisadiyyatları inkişaf etmiş ölkələr ancaq “həsrət” apara bilərlər. Çünki həmin ölkələrdə işsizlik 12-13 % olduğu halda bunu yaxşı rəqəm hesab edirlər”.
 
Nazim Bəydəmirli bildirib ki, işi olmayanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə danışıqlara gedib saxta əlillik əldə ediblər:
“Buna ailələrini dolandırmaq, dövlətdən hər hansı maaş almaq üçün baxırlar. Özləri bilərəkdən ya bilməyərəkdən digər əlilərin haqqına girirlər. Ona görə Azərbaycanda əlillərə aşağı məbləğlı vəsait verilir. Bu saxta əlillik isə dövlət büdcəsinə yükdür.
Saxta əlilliklə mübarizəni müsbət qiymətləndirirəm. Ancaq təyinatın belə aparılmasını doğru saymıram. Əlilliyin müəyyən edilməsi üçün indiki dövrdə bir neçə ay lazım olur. Təsdiq olunandan sonra dayandırılmış məbləğ vətəndaşa verilir. Amma əvvəldən düşünmək lazımdır ki, bu müddətdə həmin vətəndaşlar nəylə dolanacaq? Digər sosial müavinətlər olmadığı halda və əlilliklə bağlı araşdırmalar uzun vaxt aparırsa, onlar nə ilə dolanmalıdır? Nazirlik məsələyə aydınlıq gətirməlidir”.
Nazim Bəydəmirli əlilliyin yoxlansılması müddətində müavinətin birtərəfli dayandırılmasını doğru saymadığını bildirib:
“Belə bir şifahi göstəriş var. Məlumatlara görə, tapşırıqlar verilir ki, maksimum əlilliyi ləvg etsinlər, əlillik dərəcələri ilə bağlı qruplarda ixtisarlar aparsınlar. Yəni, birinci, ikinci qrup əlilləri daha aşağı qruplara keçirsinlər. Çox pis haldır ki, əlilliklə bağlı həm də qazilər şikayətçidirlər. Əhali bundan sarsıntı keçirir. Hesab edirəm ki, bu, qısa vaxtda həll olunmalıdır”.
Bahar Rüstəmli
Share: