Nazirlik də işə qarışdı: Bayılda tədqiqat başladı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı şəhərinin Səbail rayonunda, Badamdar- 20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı ərazidə tədqiqatlara başlayıblar.

Qurumdan Axar.az-a verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıbvə həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

***

Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu barədə Axar.az-a açıqlamasında ETSN-in əməkdaşlarının hadisə yerində olduqlarını və ərazini daim nəzarətdə saxladıqlarını bildirib. İ.İbrahimova vurğulayıb ki, sürüşmə zonasında yaranan vəziyyətlə əlaqədar nazirlik tərəfindən hər səkkiz saatdan bir məlumat veriləcək, əhali və təşkilatlara xəbərdarlıq ediləcək.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Sürüşmənin dinamikasında aktivlik davam etdiyindən hər saatdan bir ərazidə müşahidələr aparılır.

Share: